"Ermənistanın yeganə çıxış yolu işğalçı siyasətdən əl çəkməkdir" ÖZƏL - MÖVQE

15 Oktyabr 2019 12:21 (UTC+04:00)

“Qarabağ Azərbaycandır!” hərəkatı respublikamızda böyük əks-səda doğurub”. Bunu SİA-ya açıqlamasında millət vəkili Cavid Osmanov deyib.

“Bilirsiniz ki, Azərbaycanın xarici siyasət kursunun ən mühüm strateji prioriteti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllidir. Ölkəmiz bu istiqamətdə qətiyyətli mövqe nümayiş etdirir, prinsipial siyasətini davam etdirir. Bu mövqe ondan ibarətdir ki, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında öz həllini tapmalıdır.

30 ilə yaxındır ki, Dağlıq Qarabağ və Azərbaycanın daha 7 rayonu işğal altındadır. Yəni Ermənistan beynəlxalq hüquq normalarını kobud surətdə pozaraq işğalçı siyasətini davam etdirir. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrə məhəl qoyulmur. Ona görə də həm ATƏT-in Minsk qrupu, həm də digər beynəlxalq təşkilatlar tərəfindən bu ölkəyə qarşı təsir və təzyiqlər göstərilməli, işğalçı siyasətə son qoyulmalıdır.

Ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsinin bütün dünya tərəfindən qəbul edilən həll modeli də Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını, qaçqın və məcburi köçkünlərin öz torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qayıtmalarını təsdiqləyir. Yəni münaqişənin həlli bütün dünya tərəfindən qəbul edilmiş BMT nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələri və Helsinki Yekun Aktına uyğun Azərbaycanın ərazi bütövlüyü çərçivəsində olmalıdır.

Hesab edirəm ki, “Qarabağ Azərbaycandır!” hərəkatı da xalqımızı torpaqlarımızın işğaldan azad edilməsinə doğru məqsədini daha da yaxınlaşdırır. Bu hərəkat artıq milli ideya səviyyəsində qəbul olunur. Bu fakt göstərir ki, Azərbaycan prinsipial siyasətini davam etdirir, ölkəmizin mövqeyi qəti və birmənalıdır. Bu gün Ermənistan da yaxşı bilir ki, Azərbaycan işğalçı ölkənin status-kvonu legitimləşdirmək cəhdlərinə heç vaxt imkan verməyəcək. Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək qüdrətindədir. Ermənistanın isə yeganə çıxış yolu işğalçı siyasətdən əl çəkməkdir. Bu ölkənin rəhbərliyi dərk etməlidir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, Azərbaycan bütün hallarda öz ərazi bütövlüyünü bərpa edəcək!”-deyə,C.Osmanov fikrini tamamlayıb.