Kataloniyada İspaniya Ali Məhkəməsinin hökmü əleyhinə etiraz aksiyası keçirilib

15 Oktyabr 2019 00:19 (UTC+04:00)

Xəbər verildiyi kimi, 2017-ci il oktyabrın 1-də Kataloniyanın müstəqilliyi haqqında qanunsuz referendumu təşkil edən separatçı hərəkatın liderləri 13 il müddətinədək həbs cəzasına məhkum ediliblər.

SİA xəbər verir ki, müstəqil qruplar İspaniya Ali Məhkəməsinin qərarına qarşı etiraz aksiyası keçirib və bütün Kataloniyanı səfərbər olmağa çağırıblar.

Barselona və Jironda yollar bağlanıb. Bəzi təşkilatlar Barselona aeroportunun birinci terminalının işini iflic vəziyyətinə salmaq niyyətində olublar. Regionun müstəqilliyi uğrunda çıxış edən iğtişaşçılar xalqı sosial şəbəkələr vasitəsilə üsyana çağırıblar.

Məlum olub ki, hakim Pablo Llarena müstəqillik haqqında referendumdan sonra İspaniyadan Belçikaya qaçmış Kataloniya hökumətinin sabiq sədri Karles Puçdemonun həbsinə yeni order verib.