Azərbaycan məktəbliləri beynəlxalq idman yarışında iştirak ediblər

14 Oktyabr 2019 14:27 (UTC+04:00)

Kiyevdə ilk dəfə olaraq məktəblilər arasında “ISF World Cool Games” beynəlxalq idman yarışı keçirilib. SİA-nın xəbərinə görə, Azərbaycan məktəblilərinin də qatıldıqları yarışda Ukrayna, Xorvatiya, Gürcüstan, Moldova, Qazaxıstan və Çin təmsilçiləri iştirak ediblər.

Beynəlxalq idman yarışın açılış mərasimində Ukraynanın Təhsil və Elm nazirinin müavini Maksim Yarmistıy, Beynəlxalq Tələbə İdman Federasiyasının baş katibinin müavini Koje Gjelosaj, GUAM-ın Baş katibi Altay Əfəndiyev, Azərbaycanın Ukraynadakı səfirliyinin əməkdaşı Samir Allahverdiyev və digər şəxslər iştirak ediblər.

Açılış mərasimində çıxış edən S.Allahverdiyev Azərbaycanda idmanın sürətli inkişafından danışıb. Bildirib ki, bu gün Azərbaycan dünyada idman dövləti kimi tanınır. Məhz buna görə beynəlxalq idman qurumları ən mötəbər yarışlara ev sahibliyi hüququnu düşünmədən ölkəmizə həvalə edirlər.

İki gün davam edən yarışlarda Azərbaycan məktəbliləri inamla mübarizə aparıblar.