ARDNŞ rəhbərliyində kadr dəyişikliyi edilib

1 Mart 2011 01:47 (UTC+04:00)

Bu gün Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayevin sədrliyi ilə Şirkət rəhbərliyinin toplantısı keçirilib. ARDNŞ-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, ARDNŞ prezidenti çıxış edərək son illər Şirkətin əldə etdiyi uğurlardan, qazandığı nailiyyətlərdən, həyata keçirdiyi sosial-iqtisadi, ekoloji layihələrdən danışıb, beynəlxalq və ölkədaxili arenada genişlənməkdə olan fəaliyyət istiqamətlərindən söz açıb. O, Şirkətdə menecment işinin yüksək səviyyədə qurulduğunu və kadr potensialının get-gedə möhkəmləndiyini vurğulayıb.

R. Abdullayev qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyevin 16 fevral 2011-ci il Sərəncamı ilə ARDNŞ-nin sosial məsələlər üzrə vitse-prezidenti Qorxmaz Cavanşir oğlu Hüseynov "Azərsu" ASC-nin sədri təyin edilib.

Sonra R. Abdullayev İ. Əliyevin imzaladığı Sərəncama əsasən Bədəl Şamil oğlu Bədəlovun ARDNŞ-in sosial məsələlər üzrə vitse-prezidenti təyin edildiyini bildirib. R. Abdullayev sosial proqramların ARDNŞ-də daim diqqət mərkəzində olduğunu qeyd edib və bu istiqamətdə həyata keçirilən layihələrdən ətraflı söz açıb. O, sosial sahədə qarşıda duran vəzifələrlə bağlı Şirkətin yeni vitse-prezidenti B. Bədəlova konkret tapşırıqlarını verib.

R. Abdullayev prezidentin digər bir Sərəncamı ilə Şirkətin ekologiya üzrə vitse-prezidenti Soltan Əliyevin başqa işə keçməsi ilə əlaqədar tutduğu vəzifədən azad edildiyini bildirib. Daha sonra ARDNŞ-də idarəçiliyin davamlı olaraq təkmilləşdirilməsi məsələlərinə toxunan R. Abdullayev idarəetmə mexanizminin çevikliyinin artırılması, bəzi hallarda yol verilən bürokratik maneələrin təcili olaraq aradan qaldırılması istiqamətində məqsədyönlü fəaliyyətin bundan sonra da davam edəcəyini söyləyib. ARDNŞ prezidenti bu istiqamətdə müvafiq strukturlar qarşısında duran vəzifələri müəyyənləşdirib.