Gəncədə məktəblilər vərəm əleyhinə müayinə olunur

1 Mart 2011 01:28 (UTC+04:00)

Gəncə şəhər Səhiyyə İdarəsi tərəfindən orta məktəblərdə şagirdlərin müayinəsinə başlanılıb. Profilaktik baxış zamanı əsasən 9 və 11- ci sinif şagirdləri vərəm əleyhinə tibbi baxışdan keçir.

Gəncə şəhər Rayonlararası Ağciyər Xəstəlikləri Dispanserinin səyyar rentgen avtomobili vasitəsilə məktəblərdə keçirilən aksiyada məqsəd qeydə alınabiləcək xəstəliyi erkən aşkar etməklə vaxtında müalicəsini təmin etməkdir. Aksiyaya uşaq poliklinikalarının tibbi heyyəti də cəlb olunub. Bu kimi tədbirlər gizilində ola biləcək vərəm xəstəliyini zamanında, gecikmədən üzə çıxarılmasına xidmət edir.

Gəncə şəhər Səhiyyə İdarəsinin tərtib etdiyi siyahıya uyğun aparılacaq yoxlamalar ilk olaraq 34 saylı orta məktəbdən başlayıb. Burada 100-dən çox məktəbli rentgen müayinəsindən keçib. Əlavə 45 orta məktəbdə analoji aksiya təşkil olunacaq.

Dispanserin baş həkimi Əli Rüstəmovun SİA-nın bölgə müxbirinə verdiyi məlumata görə, hazırda Gəncədə 544 nəfər aktiv vərəm kontingenti ilə yaşayır. Bunlardan 150-si ötən il qeydiyyata götürülüb. Bu vətəndaşların 49 nəfəri yeniyetmələrdir.