Ekvadorda nümayişçilərlə polis qüvvələri arasında baş vermiş toqquşmalarda azı 7 nəfər ölüb

14 Oktyabr 2019 06:21 (UTC+04:00)

Ekvadorda hökumət əleyhinə keçirilən aksiyalarda nümayişçilərlə polis qüvvələri arasında baş vermiş toqquşmalarda azı 7 nəfər ölüb, daha 1340 nəfər xəsarət alıb.

SİA “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkədə İnsan Haqları üzrə Müvəkkil Aparatının saytında yerləşdirilən açıqlamada deyilir.

Sənəddə qeyd olunur ki, 3 oktyabrda nümayişlər başlayandan bəri 1121 nəfər saxlanılıb. Bundan əvvəl Ekvadorun daxili işlər naziri Mariya Paula Romo etirazlar zamanı ən azı 86 polisin yaralandığını bildirmişdi.

Qeyd edək ki, oktyabrın 1-də Ekvador prezidenti Lenin Moreno 3 oktyabr tarixindən dizel yanacağı və benzin üçün subsidiyaların ləğv edilməsi haqqında sərəncam imzalayıb, bundan sonra qiymətlər 120%-dən çox artıb. Buna etiraz olaraq bir neçə şəhərdə aksiyalar baş qaldırıb, bəzi yerlərdə isə iğtişaşlar baş verib. Nəticədə prezident fövqəladə vəziyyət elan edib.