Yaponiyada 3 milyondan çox insan təxliyə xəbərdarlığı alıb

13 Oktyabr 2019 11:15 (UTC+04:00)

Oktyabrın 13-də Yaponiyada "Hagibis" tufanı ilə əlaqədar 3 milyondan çox insan təxliyə xəbərdarlığı alıb. SİA Yaponiya Meteorologiya Agentliyinə istinadla xəbər verir ki, bu xəbərdarlıq bazar günü səhər saatlarında İvate, Miyaqi, Fukuşima, İbaraki, Toçiqi, Qunma, Saytama, Çiba, Tokio, Kanaqava, Niiqata, Yamanaşi, Naqano və Şizuoka prefekturalarının sakinlərinə şamil olunub.

Yerli hakimiyyət orqanlarının bu təxliyə xəbərdarlığı təbii fəlakətin qaçılmaz olduğunu və sakinlərin təxirə salınmadan təhlükəsiz yerlərə köçürülməsini nəzərdə tutur. Qeyd edək ki, təxliyə xəbərdarlığı ümumilikdə 5 milyonadək insanı əhatə edir. Bununla yanaşı, bazar günü saat 11:30-da tufanın keçdiyi Kanto-Koşin və Tohoku regionlarında yerləşən 14 çayın daşmaq təhlükəsi barədə də xəbərdarlıq edilib. Bu xəbərdarlıq artıq həmin çayların öz məcralarından çıxması və əhalinin təcili təxliyə edilməsi deməkdir. Təxliyə zamanı müəyyənləşdirilmiş yerlərə getmək üçün çətinliklər yaranacağı təqdirdə, əhaliyə daha yüksək ərazilərdə yerləşmək və ya daha möhkəm tikililərə sığınmaq tövsiyə edilir.