Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin görüşündə münaqişənin həlli istiqamətində irəliləyişin əldə olunacağına ümid yoxdur. SİA-ya açıqlamasında bu sözləri Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı martın 5-də Rusiyanın Soçi şəhərində keçirilməsi nəzərdə tutulan prezidentlərin üçtərəfli görüşünə münasibət bildirərkən deyib.
Həm Ermənistan, həm də Azərbaycanın rəsmi mövqeyinin bəlli olduğunu deyən QAT sədri bildirib ki, indiki situasiyadan çıxış edərək görüşün nəticəsiz başa çatacağını demək olar: "Azərbaycan prezidenti Goranboyda qaçqın və məcburi köçkünlərin qarşısında çıxışında, eyni zamanda Rusiyanın "Mir" telekanalına müsahibəsində konkret şəkildə bildirdi ki, Dağlıq Qarabağın erməni əhalisi və oraya qayıdacaq azərbaycanlı əhali üçün özünüidarə hüququ veriləcək. Yəni, muxtariyyət Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkündür. Ermənistan isə öz mövqeyini prezident Serj Sarkisyanın dilindən bir daha bildirib. O, qeyd edib ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində ola bilməz, Dağlıq Qarabağda referendum keçirilməlidir və sair. Göründüyü kimi, daban-dabana zidd mövqelərdir. Bu mövqeləri Soçi görüşündə yaxınlaşdırmaq isə qeyri-mümkündür. Rusiya prezidenti görüş təşkil etməklə məqsədi prosesi nəzarəti altında saxlamaq, beynəlxalq təşkilatların prosesə müdaxiləsinə yol verməməkdir".
A.Nağının fikrincə, Rusiya prezidenti bu görüşdə Azərbaycan tərəfini hərbi əməliyyatlara başlama niyyətindən çəkindirməyə çalışacaq: "Hesab edirəm ki, ABŞ dövlət katibinin regiona səfəri də ona yönəlib ki, Azərbaycanı mümkün qədər bu niyyətindən çəkindirsin. Belə bir proses gedir. İstəmirlər ki, müharibə olsun, digər tərəfdən isə Ermənistana da təzyiq etməyə səy göstərmirlər".
Müharibə ehtimalı ilə bağlı xarici ölkə ekspertlərinin fikirlərinə gəlincə, QAT sədri bildirib ki, rəhbərlik etdiyi qurum da yaz aylarında müharibəyə başlamağın tərəfdarıdır: "Qarabağ Azadlıq Təşkilatının Ali Məclisində keçən ayın sonunda keçirilən toplantıda qərar qəbul olundu və hakimiyyətə təklif olundu ki, aprel ayından gec olmayaraq hərbi əməliyyatlar başlamalıdır. Yay aylarında isə mövsümü baxımdan hərbi əməliyyatlar çətinləşəcək. Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov da bildirib ki, sülh və ya hərb yolunu seçilməsi baxımından Soçi görüşü həlledici olacaq. Bir çox xarici ölkələr vətəndaşlarına xəbərdarlıq edib ki, Dağlıq Qarabağa səfər etməsinlər. Belə bəyanatlar adətən müharibə ərəfəsində verilir. İstəyərdik ki, bu əlamətlər reallaşsın və müharibə olsun".