Belçika şahzadəsi Londonda həbs edilib

12 Oktyabr 2019 17:06 (UTC+04:00)

Britaniya polisi “Extinction Rebellion” radikal ekoloji fəallar qrupunun Londondakı Trafalqar meydanında keçirdiyi “oturaq tətil” zamanı Belçika şahzadəsi Esmeraldanı həbs edib. SİA Belçika KİV-lərinə istinadla xəbər verir ki, Belçika Kralı Albertin ögey bacısı, məhrum Kral III Leopoldun və onun ikinci arvadı Lilianın qızı olan 63 yaşlı Belçika şahzadəsi Esmeraldanı aksiyanın digər saxlanılmış iştirakçıları ilə birlikdə polis furqonuna mindirib yaxınlıqdakı polis məntəqəsinə aparıblar. Şahzadəni orada 5 saat sorğu-sual edəndən sonra buraxıblar.

Şahzadə Esmeralda Belçika KİV-lərinə verdiyi müsahibədə bildirib ki, iqlim dəyişmələrinin qarşısının alınması məsələsində hakimiyyət orqanlarının fəaliyyətsizliyinə qarşı etirazını bildirməkdə davam etmək niyyətindədir. Şahzadə öz Twitter səhifəsində yazıb: “İqlimlə bağlı fövqəladə vəziyyətdə təcili tədbirlər görülməsi üçün biz hamımızı hökumətlərə təzyiq göstərməliyik”.

Keçən həftə “Extinction Rebellion” qrupunun fəalları London da daxil olmaqla dünyanın bir sıra şəhərlərində “oturaq tətillər” keçiriblər.