"İlham Əliyev tutarlı cavabı ilə Paşinyanın iddialarını darmadağın etdi"

12 Oktyabr 2019 14:37 (UTC+04:00)

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünya miqyasında böyük nüfuzu olan dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək, beynəlxalq təşkilatlarda ölkəmizin mövqelərini gücləndirmək istiqamətində sistemli işlər həyata keçirir. Bu işlərin real nümunələri kimi Bakının bir çox mühüm tədbirlərə ev sahibliyi etməsini, həmçinin ölkəmizin qlobal miqyaslı sammitlərə, forumlara dəvət almasını göstərmək olar. Dövlətimizin başçısı hücum diplomatiyasını, qlobal təhdidlərə qarşı adekvat reaksiyanı təmin etməklə yanaşı, ən yüksək tribunalardan ölkəmizlə bağlı həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırır". Bu fikirləri açıqlamasında Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı sədrinin müavini Mehman İsmayılov deyib.

Mehman İsmayılov qeyd edib ki, Prezident İlham Əliyevin yürütdüyü xarici siyasətin əsasını beynəlxalq hüququn prinsipləri əsasında ölkəmizin milli maraqlarının qorunması təşkil edir. Şübhəsiz, qlobal səviyyədə münaqişə və digər risk faktorlarının artdığı bir zamanda dövlət müstəqilliyimizin möhkəmləndirilməsi istiqamətində ardıcıl işlər görmək indiki mərhələdə həmişəkindən daha vacibdir. Ona görə də rəsmi Bakının elan etdiyi prioritet istiqamətlərdən biri dünya birliyinə inteqrasiyasının təmin olunmasıdır. Görünən odur ki, yeni kollektiv sənədlərə və beynəlxalq müqavilələrə qoşulan Azərbaycanın beynəlxalq nüfuzu getdikcə yüksəlir, çünki dünya ictimaiyyəti respublikamızda həyata keçirilən islahatlar kursunun mahiyyəti ilə bağlı dolğun, hərtərəfli, obyektiv informasiya almaq imkanı qazanır. Bu da dünya demokratiya ailəsinə uğurlu inteqrasiyanın başlıca şərtlərindəndir.

Bu gün Azərbaycan dövləti beynəlxalq və regional qurumlarla, o cümlədən BMT, ATƏT, Avropa İttifaqı, Qoşulmama Hərəkatı, NATO kimi təşkilatlarla sıx əməkdaşlıq edir. Ermənistanın dünya miqyasında təcavüzkar dövlət kimi tanınmasına nail olmaq və Azərbaycanın ərazi bütövlüyünü təmin etmək, aparıcı dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək istiqamətində Prezident İlham Əliyevin həyata keçirdiyi kurs ölkə vətəndaşları tərəfindən birmənalı şəkildə dəstəklənir. Prezident xarici ölkələrə səfərləri, beynəlxalq təşkilatların tribunalarında, eləcə də respublikamızda keçirilən tədbirlərdəki çıxışları zamanı Azərbaycan həqiqətlərini ardıcıl şəkildə dünya ictimaiyyətinin diqqətinə çatdırır. Dövlətimizin başçısı qlobal əhəmiyyətli tədbirlərdə çıxış edərək beynəlxalq ictimaiyyətin diqqətini üzləşdiyimiz problem - Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə cəlb edir. Aparılan uğurlu diplomatik gedişlər nəticəsində artıq beynəlxalq təşkilatlar haqqın və ədalətin Azərbaycanın tərəfində olduğunu etiraf edir, Ermənistanın təcavüzkar dövlət olduğunu anlayırlar.

Prezident İlham Əliyev Soçidə "Valday" Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasında çıxışı ilə Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bir daha dünyaya bəyan etdi. Dövlətimizin başçısının “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı Ermənistan rəhbərliyinin Azərbaycanın əzəli və tarixi torpaqları ilə bağlı təxribatçı bəyanatına tutarlı cavab idi. Azərbaycan Prezidentinin beynəlxalq hüquqa əsaslanan sərt, qətiyyətli və məntiqli bəyanatı İrəvanda, sözün əsl mənasında, şok effekti yaratdı. Ona görə ki, "Valday" kimi mötəbər təşkilatın tribunasından, 74 ölkədən dünya elmi birliyini təmsil edən mindən çox nümayəndənin, dövlət və hökumət başçılarının, məşhur düşüncə və təhlil mərkəzlərinin rəhbərlərinin də qatıldıqları tədbirdə Prezidentimizin "Qarabağ Azərbaycandır və nida işarəsi" bəyanatı Ermənistana və dünyaya ünvanlanan son və qətiyyətli bir mesaj oldu. Erməni analitiklər də etiraf edirlər ki, Azərbaycan Prezidentinin sanballı, məntiqli bəyanatı Paşinyana tarix və diplomatiya dərsi oldu. Prezident İlham Əliyevin həmin çıxışından sonra Ermənistan mediasının siyasi təlxək adlandırdığı baş nazirin kəskin tənqid olunduğu yazıların, şərhlərin və açıqlamaların sayının sürətlə artması deyilənləri bir daha təsdiqləyir.

Prezident İlham Əliyev deyib: “Dağlıq Qarabağ münaqişəsi ilə bağlı cəmiyyətdə vahid yanaşma var. Bizim haqq işimizi mən bütün kürsülərdə arqumentlərlə, tarixi faktlarla, reallıqlarla, beynəlxalq hüquq əsasında müdafiə edirəm və bu arqumentlərə qarşı hər hansı bir irad tutmaq qeyri-mümkündür. Çünki mən həqiqəti deyirəm və bunu elə kürsülərdən deyirəm ki, bütün dünya eşitsin. Ermənistanın baş naziri Xankəndidə yığılmış bir neçə adamın qarşısında o cəfəng sözləri demişdi. Mən başqa bir beynəlxalq tədbirdə ona cavab verə bilərdim. Amma o tədbirin auditoriyası tutaq ki, 1000 nəfər, 2000 nəfər olardı. Mən onu elə bir yerdə dedim ki, hər kəs eşitsin – canlı efirdə, Rusiyada, mötəbər “Valday” klubunun panelində dedim və bunu bütün dünya eşitdi. Yəni, sizə deyim ki, əgər işlər məhz təmkinlə, ağılla qurulursa, zərbələr də dəqiq olur. Elə zərbə vuruldu ki, o zərbədən çətin ki, ayılsınlar. Çünki kontrarqument yoxdur, ancaq yalan-palan danışmaqla düzəlmir. Əvvəllər - münaqişə ilə bağlı məlumat olmayan dövrdə, əlbəttə, bütün yalanları yayırdılar. Hər bir ölkədə onların diaspor təşkilatları var idi, bizim isə heç nəyimiz yox idi. Ona görə münaqişə ilə bağlı təhrif edilmiş faktları onlar ortaya qoymuşlar və bir çox hallarda nail olmuşlar ki, onlara inansınlar. Bu gün biz informasiya dövründə, internet dövründə yaşayırıq. Həqiqət var və bunu mən çatdırmışam. Hər kəs bilir ki, aranlı-dağlı Qarabağ əzəli Azərbaycan torpağıdır, beynəlxalq hüquq tərəfindən tanınan Azərbaycan torpağıdır və Qarabağ Azərbaycandır və nida işarəsi, vəssalam”.

Ermənistan rəhbərliyi Azərbaycan Prezidentinin Valday bəyanatından özünə gəlməmiş dünən Nikol Paşinyan daha bir tərs sillə effekti verən hadisə ilə üzləşdi. Belə ki, Aşqabadda MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edən Prezident İlham Əliyev işğalçı Ermənistanın faşist ideologiyasını faktlarla ifşa etdi. Ermənistanda faşistlərin qəhrəmanlaşdırılmasına kəskin etirazını bildirən Azərbaycan Prezidenti dedi: “Biz dövlət başçıları faşistlərin qəhrəman kimi qələmə verilməsinin əleyhinə dəfələrlə çıxış etmişik. Təəssüf ki, MDB məkanında, xüsusən Ermənistanda belə hallar baş verir. Orada əvvəlki hakimiyyət Yerevanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyub. MDB ölkələrindən olan müharibə veteranlarının böyük bir qrupu Ermənistanın əvvəlki rəhbərliyinin bu həyasız addımına qarşı dəfələrlə etirazını bildirib... 2016-cı ildə Ermənistan paytaxtının mərkəzində bu satqın cəllada hündürlüyü 6 metrə yaxın olan heykəl qoyulub. Təəssüf ki, Ermənistanın yeni hakimiyyəti bu heykəli götürməyib. Hesab edirəm ki, MDB məkanında faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinə yer yoxdur”.

Nikol Paşinyan Prezident İlham Əliyevin çıxışında səslənən əsaslı arqumentlərə cavab verməyə cəhd etsə də, absurd iddiaları ilə özünü gülünc vəziyyətə saldı. Azərbaycan Prezidenti tutarlı cavabı ilə Paşinyanın iddialarını darmadağın etdi və onu yerində oturtdu.