BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən " İnsan Hüquqları" mövzusunda media nümayəndələri üçün praktiki seminar öz işinə başlayıb. SİA-nın Qubaya ezam olunan müxbirinin verdiyi xəbərə görə, tədbirdə paytaxt və regionlarda fəaliyyət göstərən media nümayəndələri iştirak edir. Seminarda çıxış edən İnsan Hüquqları üzrə Ali Komissarlığın Azərbaycandakı Müşaviri Teymur Məlik-Aslanov qeyd edib ki, seminarın keçirilməsində əsas məqsəd media nümayəndələri arasında insan hüquq anlayışı barəsində daha ətraflı məlumat verməkdir.
BMT-nin insan hüquqları sistemi: Saziş Qurumları, Azərbaycanın BMT konvensiyaları üzrə beynəlxalq öhdəlikləri mövzusunda çıxış edən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının (Ombudsman) şöbə müdiri Zaur Əliyev keçirilən seminarın əhəmiyyətini vurğulayıb. İnsan hüquqlarının iki cür olduğunu qeyd edən Zaur Əliyev bu hüquqların təbii və passivizimdən ibarət olduğunu deyib: "Təbii hüquq insanlara verilən hüquqların təbii olduğunu bildirsə də passivizm isə hüquqların dövlət tərəfindən təyin edilməsinin vacibliyini vurğulayıb. Hazırda hər iki nəzəriyyə mövcud deyil. Lakin iki nəzəriyyənin birləşməsindən təkmilləşmiş hüquq normaları peyda olunub. Eyni zamanda dövlətin iştirakı olmadan insan hüquqları öz mənasını itirir. Dövlətsiz insan hüquqlarını təsəvvür etmək mümkün deyil. Hüquq olan yerdə öhdəlik var. Eyni zamanda təminat mexanizmi olmalıdır. Təminat mexanizmi isə dövlətdir. Dövlətin isə vəzifəsi: Hüququ pozulan insanların qorunması ilk növbədə təmin olunmalıdır".
İnsan hüquqlarının beynəlxalq müstəvidə mövcudluğuna gəlincə Ombudsman aparatının şöbə müdiri bildirib ki, bu BMT-nin yaradılmasından sonra reallaşıb. O, eyni zamanda insan hüquqlarının müxtəlif amillər üzrə təsnifləşdirildiyini vurğulayıb: "Belə ki, bu ilk dəfə fransalı alim Basak tərəfindən təsnifləşdirilib. İqtisadi-sosial üzrə, Kollektiv hüquqlar üzrə və sair. Lakin son zamanlar "Gen" hüququ da formalaşdırılmağa başlanılıb. Xüsusi bir "Bioetik" normalar toplusu formalaşıb. Bəzən isə beşinci "Abstrakt" hüquqların formalaşmasını da qeyd edirlər".
İnsan hüquqlarının müdafiəsinin beynəlxalq mexanizmlərinin BMT-də tam formalaşdığını deyən Ombudsman aparatının rəsmisi bu istiqamətdə təşkilatda 9 komitənin fəaliyyət göstərdiyini vurğulayıb. Eyni zamanda şöbə müdiri hazırda Azərbaycanda belə hüquqi normaların məhkəmələrdə az istifadə olunduğunu söyləyib: "Birinci instansiya məhkəmələrində bu normalardan az istifadə olunur. Bu isə geriləməyə səbəb olur. Çünki İnsan Hüquqları Ali Komissarlığı səmərəi bir mexanizmdir. Sanki Avropa Məhkəməsinin universal bir formasıdır. Çünki komissarlıq dövlətlər qarşısında ciddi tələblər qoya bilir. Təcrübə göstərir ki, bir sıra dövlətlər bu tələbləri yerinə yetirir. Eyni zamanda bildirmək istərdim ki, çox təəssüflər olsun ki, Azərbaycan tərəfindən bu komitəyə gedən şikayətlərin sayı azdır".