TQDK bakalavrlara ixtisas seçimində kömək məqsədilə yeni jurnallar hazırlayır

28 Fevral 2011 22:26 (UTC+04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən bakalavrlar üçün "Ali təhsil müəssisələrinin bakalavr ixtisasları" adlı yeni jurnallar nəşr olunacaq. SİA-nın xəbərinə görə, bu barədə TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında məlumat verib. O bildirib ki, bu jurnalda ixtisasların ümumi sayı, xarakteristikası, məzmunu və digər mühüm məsələlər öz əksini tapıb. Komissiya sədrinin sözlərinə görə, bakalavrlara ixtisas seçimində kömək məqsədilə çap olunacaq bu jurnallar bütün ixtisas qrupları üzrə hazırlanacaq. "Jurnalın ilk sayı və yalnız I ixtisas qrupunun ixtisaslarını əhatə edəcək nəşr gələn həftə çap ediləcək. Hər bir nəşrin sonunda izahlı lüğət yer alacaq və bunun vasitəsilə abituriyentlər aydın olmayan çətin sözlərin izahını tapa bilərlər".

M.Abbaszadə vurğulayıb ki, bu həftə ərzində "Magistr" jurnalının 3-cü sayı da bakalavrların ixtiyarına veriləcək. Magistratura ilə əlaqədar ixtisas seçimində yeniliklərin olmasının planlaşdırıldığını deyən TQDK sədri qeyd edib ki, jurnalda ixtisasların siyahısına yeni ixtisasların əlavə edilməsi nəzərdə tutulur.