F.Köçərli adına Respublika Uşaq kitabxanasında xarici yazarlar və azərbaycanlı uşaq yazıçıları arasında “Bizi birləşdirən uşaqlara olan sevgidir” adlı görüş keçirilib. SİA-nın məlumatına görə, kitabxananın qonağı olan Beynəlxalq Uşaq Kitabı Şurası (International Board on Books for Young People – IBBY) Amerika bölməsinin üzvü Meqan Seyris (Meghan Sayres) və Böyük Britaniyanın tanınmış uşaq yazıçısı, (İBBY) –nin üzvü Jamila Geyvin (Jamila Gavin) ilk öncə kitab sərgisi və kitabxana ilə tanış olublar.
Görüşdə, uşaq yazıçılarından Zahid Xəlil, Sevinc Nuruqızı, Solmaz Amanova, Elvira Məmmədli, Aygün Bünyadzadə, Qəşəm İsabəyli, İnqilab İsaq, Rafiq Yusifoğlu və Reyhan Yusifqızı iştirak ediblər.
Kitabxananın direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova qonaqları kitabxanada görməkdən məmnun olduğunu və bu görüşün səmərəli keçərək yazıçılar arasında əməkdaşlığa öz töhvəsini verəcəyini qeyd edib.
Görüş çərçivəsində, hər iki xarici yazar haqqında hazırlanmış slayd-şou təqdim edilib. Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdlərinin ifasında milli musiqi nömrələri təqdim olunub.
Sonra yazıçılar arasında uşaq ədəbiyyatı ilə bağlı fikir mübadiləsi keçirilib. Qonaqlar, Azərbaycan mədəniyyətinin, ədəbiyyatının qədim, dəyərli və zəngin olduğunu vurğulayıblar.