Avropa Qayaüstü İncəsənəti Günü İçərişəhərdə qeyd olunub

10 Oktyabr 2019 14:31 (UTC+04:00)

Avropa Şurası tərəfindən hər il oktyabrın 10-u Avropa Qayaüstü İncəsənəti Günü kimi qeyd edilir. Bu hadisə “Avropa İrs günləri” layihəsi çərçivəsində keçirilən tədbirlər sırasına daxil edilib. SİA-nın məlumatına görə, bu əlamətdar günlə bağlı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Muzey Mərkəzi “Bəşəriyyətin ilk incəsənəti” adlı beynəlxalq tədbir keçirib. Tədbirdə PRAT-CARP (Prehistoric Rock Art Trails/ Cultural Routes of the Council of Europe) təşkilatının elmi eksperti, tarix üzrə fəlsəfə doktoru Məlahət Fərəcovanın “Bəşəriyyətin ilk incəsənəti” adlı mühazirəsi dinlənilib.

Məruzədə dünya qitələrində mövcud qayaüstü təsvirlərdən, UNESKO-nun siyahısına daxil edilən qayaüstü incəsənət nümunələrindən, onların qorunması, tədqiqi məsələlərinə toxunulub. Azərbaycan petroqraflarının rəqəmsal texnologiyasının və bazasının öyrənilməsi məsələləri də məruzədə öz əksinin tapıb.

Tədbirin bədii hissəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri mövzuya dair “Pantomima səhnəsi” nümayiş ediblər. Daha sonra gənc rəssamlar “Dostluq karikaturası” çəkiblər. Qalib seçilən 3 gənc rəssamın rəsmləri PRAT-CARP təşkilatına göndəriləcək və seçilən bir rəsm səyyar sərgidə iştirak edəcək.

Sonda gənc rəssamlar sertifikat və hədiyyələrlə mükafatlandırılıblar.