Aksiyaçılar Paşinyan hakimiyyətindən övladlarını geri tələb edirlər

10 Oktyabr 2019 14:09 (UTC+04:00)

Ermənistanda növbəti aksiya keçirilir və aksiyaçılar ölüm şəhadətnamələrini hökumətə qaytarmaq, övladlarını geri tələb etmək niyyətindədirlər. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, “Zinvor” ("Əsgər") ictimai təşkilatının koordinasiya şurasının sədri Marqarita Xaçatryan bu gün jurnalistlərə verdiyi müsahibədə bu barədə deyib.

Məlumata görə, Margarita Xachatryan qətiyyətli olduqlarını, bu gün mübarizələrini davam etdirəcəklərini vurğulayıb və baş nazirin bir neçə gün əvvəl xaricə səfər etdikdən sonra ölən hərbçilərin analarını qəbul edəcəyini vəd etdiyini xatırladıb və qeyd edib ki, amma bu günə qədər baş nazirlə görüş baş tutmayıb.
"Biz xatırlatdıq ki, cənab baş nazir, maddi imkan varsa, amma haraya sərf edəcəyinizi bilmirsinizsə, bilin ki, aksiyaya toplaşan analar ümidlərini sizə bağlayıblar. Baş nazirlə görüş gözləyirik, yanvarın 5-dən bəri hər hansı bir sözümüzə, istəyimizə, tələbimizə məhəl qoyulmur. Ona görə də ölüm şəhadətnamələrini hökumətə qaytarmaq istəyirik və problemimiz müsbət həll olunmayacağı təqdirdə övladlarımızın geri qaytarılmasını tələb edirik. Əgər hökumət küçədə döyüşənlər üçün bu məsələni həll edə bilirsə, həlak olmuş əsgərlərin analarının da bu məsələsini həll etsin", deyə M.Xaçatryan bildirib.

Xatırladaq ki, "Zinvor" ictimai təşkilatının koordinasiya şurası, hökumətin müəyyən etdiyi yeni standartlara uyğun olaraq, ölən hərbi qulluqçuların və əlilliyi olan hərbi qulluqçuların ailələrinə 30 milyon dram məbləğində birdəfəlik yardım göstərməyi tələb edir.