Aşqabadda MDB xarici işlər nazirləri Şurasının növbəti iclası keçirilir

10 Oktyabr 2019 11:57 (UTC+04:00)

Bu gün Türkmənistanın paytaxtı Aşqabad şəhərində Müstəqil Dövlətlər Birliyi (MDB) xarici işlər nazirləri Şurasının növbəti iclası keçirilir. SİA-nın “Orient” portalına istinadən verdiyi xəbərə görə, Türkmənistanın sədrliyi ilə keçirilən iclasın gündəliyinə MDB formatında siyasi sahədə əməkdaşlıq və beynəlxalq münasibətlərlə bağlı məsələlər daxil edilib.

Bundan başqa, iclasda beynəlxalq sülh və təhlükəsizlik, regional stabilliyin dəstəklənməsi, beynəlxalq terrorizm, narkotik ticarəti, mütəşəkkil cinayətkarlıq və qanunsuz miqrasiyaya qarşı mübarizə, informasiya təhlükəsizliyi kimi məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, MDB xarici işlər nazirləri Şurasının iclasında Azərbaycanı Xarici İşlər naziri Elmar Məmmədyarov təmsil edir.