“Türkiyə ordusunun Suriya ərazisindəki terrorçuları təqib etmək hüququ var” ƏRDOĞAN

10 Oktyabr 2019 10:36 (UTC+04:00)

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Ankaranın qonşu Suriyada “Sülh mənbəyi” transsərhəd əməliyyatı aparmağa hüququ var.

Xatırladaq ki, 1998-ci ildə iki ölkə hökumətləri arasında saziş imzalanıb. Belə ki, 1980-1990-cı illərdə Türkiyə və Suriya arasında münasibətlər kəskin dərəcədə gərgin idi və Ankara Dəməşqi Kürdüstan Fəhlə Partiyasına (PKK) dəstək verdiyini iddia edirdi. 1998-ci ilin oktyabrında iki ölkə arasında böhran yarandı və Türkiyə Suriyaya 45 gün müddət verdi ki, bu ölkə PKK-ya dəstəyini dayandırsın. Həmin ildəcə, Suriya hakimiyyəti PKK lideri Abdullah Öcalanı ölkədən çıxardı və bundan sonra ölkələr arasında münasibətlərdə irəliləyiş baş verdi. 1998-ci ilin 20 oktyabrında Adanada XİN və DİN nazirləri arasında təhlükəsizlik məsələləri ətrafında birgə protokol imzalandı.

Bu mənada, Ərdoğan bildirib ki, Suriyanın hava məkanı ABŞ-a məxsus deyil. “Bu, beynəlxalq məkandır, bu həm də, Suriyanın hava məkanıdır”, deyən Türkiyə prezidenti əlavə edib ki, əgər bu məkan ABŞ-a məxsus deyilsə, onda həmin məkanın istifadəsi qərarı rejim (Bəşər Əsəd hakimiyyəti) tərəfindən verilir: “Onlar (ABŞ) oradadırlar (Suriyada) lakin onları rejim dəvət etməyib. Biz isə Ankara və Dəməşəq arasındakı razılaşma çərçivəsində oradayıq. Məhz bu razılaşmaya əsasən, əgər rejim PKK-ya qarşı ölçü götürmürsə, onda bizim hərbçilərin Suriya ərazisindəki terrorçuları təqib etməyə hüquqları var”.

Donald Trampın “Ankara Suriyanın Şimalında kürdləri məhv edəcəyi halda Türkiyənin iqtisadiyyatını dağıdacağıq” bəyanatına gəlincə, Ərdoğan bildirib ki, o bu sözləri müəyyən dairələrdə mövcud gərginliyin aradan qaldırılması kimi qəbul edir: “Hazırkı zamanda fakt budur ki, oradan ordu çıxarılır və bu, səmimi məqsəd nümayiş etdirir. Onlar bizə bəyan etmişdilər ki, Türkiyəyə qarşı çıxış etməyəcəklər”.

Qeyd edək ki, Türkiyənin Suriyada yeni əməliyyata başlamasına bir gün qalmış Tramp bildirmişdi ki, noyabrın 13-də Vaşinqtonda Ərdoğanla danışıqlar aparmağı planlaşdırır. Bundan sonra Ağ evin rəhbəri Vaşinqtonun Türkiyənin sərhədləri keçəcəyi halda bu ölkənin iqtisadiyyatını məhv edəcəyi ilə bağlı iki dəfə danışıb.

Bütün bunlara baxmayaraq, Ərdoğan hələ də noyabrın 13-də Vaşinqtonda ABŞ prezidenti ilə görüşəcəyini düşünür, baxmayaraq ki, Ağ ev rəhbəri Türkiyənin ünvanına sözügedən bəyanatı verib.

“Biz Trampla ikitərəfli münasibətləri dəstəkləyirik və bunu gələcəkdə də davam etdirməyi düşünürük. Biz, Türkiyə-Amerika münasibətlərini möhkəmləndirməyə çalışırıq. Əgər Allah istəsə biz noyabrın 13-də Vaşinqtonda olacağıq. Bizim danışmağa imkanımız olacaq”, deyə Ərdoğan bildirib.