Futzal üzrə Azərbaycan çempionu “Araz” klubu avrokuboklarda mübarizəyə başlayıb.
SİA xəbər verir ki, Naxçıvan təmsilçisi Çempionlar Liqasının 2019/20 mövsümündə ilk oyununa çıxıb.
Əsas mərhələnin qarşılaşmalarının Belçikada keçirilən 2-ci qrupunda çıxış edən Joze Alesionun yetirmələri ilk turda meydan sahibləri ilə görüşüblər. Oyunçuları viza problemi ilə üzləşdiryindən yarışa tam heyətlə yollana bilməyən komanda yerli “Halle Qooik” ilə üz-üzə gəlib.
İlk dəqiqələrdən hesabda önə keçən Belçika klubu qarşılaşmadan qalib ayrılıb – 5:1. Naxçıvan klubunun yeganə qoluna Xətai Bağırov imza atıb.
Qrupun digər oyununda qalib müəyyənləşməyib. “Benfika” (Portuqaliya) və “Xerson” (Ukrayna) hərəyə bir qolla bir xal qazanıb.
Qeyd edək ki, “Araz” oktyabrın 10-da “Benfika” ilə görüşəcək.