"Milli-mənəvi dəyərlərin yeniyetmə və gənclərdə formalaşdırılması" KONFRANS

9 Oktyabr 2019 18:44 (UTC+04:00)

Bu gün "Elin Səsi" Milli-Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyinin təşkilatçılığı ilə Bakı şəhəri Xətai rayonu 25-saylı tam orta məktəbdə "Milli-mənəvi dəyərlərin yeniyetmə və gənclərdə formalaşdırılması" mövzusunda elmi-praktiki konfrans keçirilib. SİA-nın verdiyi məlumata görə, konfransı giriş sözü ilə məktəbin direktoru Fəridə Şərifova açaraq konfrans iştirakçılarını salamlayıb.

F.Şərifova daha sonra mövzunun əhəmiyyətdən danışıb və tədbirin təşkilatçılığı üçün ictimai birliyə öz təşəkkürünü bildirib.

Sonra "Elin Səsi" MMDQ İB-nın sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru, Beynəlxalq Təhsil Akademiyasının akademiki Elvin Talışınski çıxış edərək hazırda cəmiyyətdə milli dəyərlərin yeniyetmə və gənclərdə formalaşdırılmasının vacibliyini qeyd edib.

E.Talışınski Azərbaycan gəncinin milli ruhda yetişməsinin və milli-mənəvi dəyərlərin qorunmasında iştirakının mühüm amil olduğunu və bu sahədə təbliğatın aparılmasında təhsil müəssisələrinin rolunun xüsusiliyini vurğulayıb. Həmçinin auditoriya qarşısında "Elin Səsi" MMDQ İB-nın sədr müavinləri Qorxmaz Paşayev və Nərminə Quliyeva, İctimaiyyətlə əlaqələr departamentinin sədri Ziya Yaqubzadə və birliyin üzvü Zəkiyyə Heybətova milli-mənəvi dəyərlər sistemində elm və təhsilin əhəmiyyəti, tərbiyə, vətən sevgisi, övlad və valideyn münasibətləri mövzusunda çıxış ediblər.

Çıxışlar məktəblilər tərəfindən böyük maraqla qarşılanıb. Konfransda məktəbin şagirdləri Azərbaycan və vətən haqqında şeirlər səsləndiriblər. Tədbirin sonunda çıxış edən şagirdlərə ictimai birlik tərəfindən təşəkkürnamələr təqdim olunub və xatirə şəkil çəkdirilib.