Anar Xəlilov: “Əli Kərimli qaragüruhçuluqla məşğuldur” RƏY-ÖZƏL

9 Oktyabr 2019 16:14 (UTC+04:00)

“Bunların hal-hazırda atdıqları bütün hərəkətlər birmənalı təxribata yönəlmiş addımlardır”. Bunu SİA-ya açıqlamasında Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, SİM İB-nin sədri Anar Xəlilov deyib. Onun sözlərinə görə, bunu bir daha icazəli piket keçirmək adı ilə sübut etdilər: “Qanunvericiliyə uyğun olaraq piket keçirmək üçün 50 nəfərin müəyyən edilməsinə və piketin yerinin dəqiq təyin olunmasına baxmayaraq bunlar şəhərin mərkəzində müxtəlif küçələrdə yürüş etməyə cəhd göstərmişlər. Həmçinin piketin mahiyyətindən uzaq şüarlarla çıxış edərək ictimai əsayişi pozmağa çalışırlar. Təbii ki, bu zaman hüquq mühafizə orqanları bunun qarşısını almağa çalışmışdılar. Lakin hüquq mühafizə orqanlarının haqlı tələblərinə məhəl qoyulmamış təxribatçılığa əl atılmışdır. Məhz bunu təşkil edən Əli Kərimlinin də əsas niyyəti təxribat yaratmaq və bunu şouya çevirməkdir. Bu atdıqları hərəkət yeni deyildir biz dəfələrlə bu cür təxribat addımları bunlarda görmüşük. Hər dəfə də aldadıb tora saldıqları vətəndaşlar bundan zərər görmüşlər. Bu hadisələr fonunda isə nə Əli Kərimli nə də digərləri görsənməmiş, baş verən təxribatlardan sonra isə publikaya çıxaraq hay-küylə, qaragüruhçuluqla hakimiyyəti günahlandırmışlar. Aldatdıqları və təxribat törətməyə göndərdikləri insanların taleyi isə bunları heç vaxt maraqlandırmamışdır. Bunları maraqlandıran yalnız xarici havadarlarına verdikləri hesabat və bunun qarşılığında aldıqları maliyyə resursları olmuşdur”.