“İnsan alveri cinayətlətlərinin profilaktikasında ictimaiyyətin rolu” MASALLIDA tədbir

9 Oktyabr 2019 15:35 (UTC+04:00)

Masallı Dövlət Kollecində “Polisə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “İnsan alveri cinayətlətlərinin profilaktikasında ictimaiyyətin rolu” mövzusunda seminar-mühazirə keçirib.

Tədbirdə Masallı Dövlət Kollecinin direktoru, “Tərəqqi” medallı Vidadi Nəzərov mövzunun aktuallığından, insan alveri və onun ağır nəticələri, bu dəhşətli bəla ilə mübarizə yolları barədə tələbələrin məlumatlandırılmasının vacibliyindən danışıb.

“Polisə Dəstək” İctimai Birliyinin sədri Şəmsəddin Əliyevə bildirib ki, savadsızlıq və məlumatsızlıq insan alveri cinayətlərinə zəmin yaradan amillərdəndir. Belə amilləri cəmiyyətin sosial faciəsi kimi də qəbul etmək olar. Bu baxımdan maarifləndirmə işi təhsil səviyyəsi ilə sıx bağlı olduğundan tədris proqramlarında hüquqi mövzulara diqqət artırılmalıdır.

İnsan alveri ilə mübarizədə ictimaiyyətlə əlaqənin gücləndirilməsini və bu istiqamətdə cinayətlərin qarşısını almaq üçün ictimai dəstəyin təmin edilməsini vacib sayan Ş.Əliyev maarifləndirici xarakterli profilaktik tədbirlərin keçirilməsinin bu işdə mühüm rol oynadığını xüsusi qeyd edib.Çünki bu tədbirlər şəxsiyyət,cəmiyyət və dövlət üçün təhlükəli əməllərdən,sağlamlığa ziyan vuran ,ictimai mənəviyyatın pozulmasına təsir edə biləcək ,hüquqa zidd hərəkətlərdən qorunmaq işinə ictimaiyyətin dəstəyini təmin etmək imkanı yaradır.

Ş.Əliyev deyib ki, insan alverinə təsir edən səbəblərdən biri də işsizlikdir. Bu mənada yeniyetmələrin əksər qrupu təklif edilən boş vədləri fikirləşmədən qəbul edir. Belə şəxslərin bədbin ovqatla yaşaması, gələcəyə və özünə inanmamaları köləliyə məruz qalmalarına yol açır.

Bildirilib ki, insan alveri ilə mübarizənin əsas məqsədi müəyyən qisim insanların köləliyə çevrilməsinin qarşısını almaq, cəmiyyəti təhlükəsiz, ədalətli və vahid vətəndaş cəmiyyətinə çevirmək, sosial ədalətin yeganə təminatçısı olan məhkəmə hakimiyyətinin nüfuzunu və etibarını təsdiqləmək, belə cinayətlərlə mübarizədə ictimai fəallığın artırılmasına nail olmaq, cəzanın labüdlüyünü və məqsədini prinsipallıqla reallaşdırmaqdan ibarətdir.

Ona görə də, həm əhali və onun riskli təbəqəsi, həm də miqrantlarla maarifləndirmə tədbirlərinin həyata keçirilməsi ictimaiyyət üçün faydalı olar. Nəticədə ölkədə insan alveri vahiməsinə məruz qala biləcək qurbanlar – vətəndaşlar və ictimaiyyət faydalanacaqlar.

Mövzunu şərh edərkən konkret həyati faktlara istinad edən məruzəçi - “Polisə Dəstək” İctimai Birliyinin sədri Şəmsəddin Əliyev insanları xaricdə iş seçimləri edərkən ehtiyatlı olmağa, bu barədə müvafiq qurumları operativ məlumatlandırmağa çağırıb.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Əlihüseyn Şükürov