"Piketin təşkilatçıları bir daha öz iç üzlərini ortaya qoydular" ÖZƏL-ŞƏRH

9 Oktyabr 2019 13:31 (UTC+04:00)

“Milli Şura” adlandırılan marginal qruplaşmanın oktyabrın 8-də təşkil etdiyi icazəli piket bir daha onu göstərdi ki, bunlar qanunlar çərçivəsində davranış nümayiş etdirərək sivil formada öz ismarıclarını və etirazlarını çatdırmağı bacarmırlar”. Məsələyə münasibət bildirən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu SİA-ya açıqlamasında deyib ki, onların əsas məqsədi təxribat törədərək qarşıdurma yaratmaqla Azərbaycanın demokratik imicinə zərbə vurmaqdır: “Biz demokratik cəmiyyətdə yaşayırıq. Demokratik cəmiyyətin əsas qaydalarından biri müxtəlif qrupların, qruplaşmaların bu və ya digər formada problemli hesab etdiyi məsələlərlə bağlı fikir bildirmələrinin təmin olunmasıdır. Azərbaycan da demokratik, hüquqi dövlətdir. Vətəndaşların bu müraciətlərini düzgün qiymətləndirərək onların ifadə azadlığını təmin edir. Çox təəssüf ki, dünənki piket bir daha göstərdi ki, onların məqsədi sadəcə piket təşkil edərək hansısa məsələ ilə bağlı hakimiyyətə və cəmiyyətə mesaj vermək deyil. Onların əsas məqsədi təxribat törədərək qarşıdurma yaratmaqla Azərbaycanın demokratik imicinə zərbə vurmaqdır”.

Millət vəkilinin fikrincə bu normal bir hal deyil. Çünki əvvəlcədən razılaşdırılmış qaydada 50 nəfər əvəzinə daha çox vətəndaşın bu prosesə qoşulması diqqəti çəkdi: “Onlar piket üçün ayrılan yerdə deyil, məktəblərin və şəhər nəqliyyatının sıx olduğu istiqamətlərdə “piketi müşahidə edənlər” adı ilə toplaşmağa başladılar. Bunun özü təxribat idi. Çünki dünyanın heç bir yerində piket keçirənlər üçün ayrıca, xüsusi statusda “piket keçirənləri müşahidə edənlər” olmur. Görürsünüzmü, burada da radikal qruplaşma manipulyasiya etməyə cəhd göstərdi. Görünür, onların məqsədi nəyəsə etiraz bildirmək deyil, haradansa aldıqları tapşırıqları həyata keçirmək idi. Bununla da bir sıra Avropa qurumlarına Azərbaycanın mənfi obrazını təqdim etmək üçün əsas versinlər. Ona görə də hesab edirəm ki, məlum piketin təşkilatçıları bir daha öz iç üzlərini ortaya qoydular. Özlərini “Milli Şura” adlandıran qruplaşmanın əslində radikal qruplaşma olduğu sübuta yetdi. Onunsuz da bu vaxta qədər ölkə ictimaiyyətinin öndə olan simaları onları radikal qurum adlandırırdı. Oktyabrın 8-də keçirilən aksiyaya Azərbaycan ictimaiyyətinin münasibəti birmənalıdır; bu cür yollara əl atmaqla keçirilən tədbirləri biz pisləyirik. Bu yolverilməzdir”.