Babaxan Şərifin 70 illik yubileyi keçirilib - FOTOLAR

9 Oktyabr 2019 13:07 (UTC+04:00)

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində "Kaspi" qəzeti və Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzi tərəfindən Babaxan Şərifin 70 illik yubileyi və "Özbək -Azərbaycan" lüğətinin təqdimat mərasimi keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə "Kaspi" təhsil şirkətinin təsisçisi, filalogiya üzrə elmlər doktoru Sona Vəliyeva, Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, millət vəkilləri Aqil Abbas, Qənirə Paşayeva, media təmsilçiləri və digərləri iştirak ediblər. İlk çıxış edən "Kaspi" qəzetinin baş redaktoru İlham Quliyev hər kəsi salamlayaraq söyləyib ki, bugünkü tədbirin iki məqsədi var: "Tədbirdə Özbəkistan-Azərbaycan arasında ədəbi əlaqələrin dərinləşməsi, tərcüməçilik, fəaliyyəti, türk dünyası ölkələri arasında dostluq əlaqələrinin möhkəmləndirilməsində xidmətlər göstərmiş Babaxan Şərifin 70 illik yubileyini qeyd edərək, onu təbrik edəcək, daha sonra isə "Özbək -Azərbaycan" lüğətinin təqdimatını keçirəcəyik". Sonra söz "Kaspi" təhsil şirkətinin təsisçisi, filologiya üzrə elmlər doktoru Sona Vəliyeva verilib. Babaxan Şərif haqqında fikilərini bildirən S.Vəliyeva bildirib ki, o Azərbaycan və Özbəkistan əlaqələrinin inkişafında mühüm rola malikdir: "Babaxan müəllim həyatının böyük hissəsini kitaba bağlayıb. Daha sonra mətbəə rəhbəri kimi fəaliyyət göstərib, millətin tarixi ilə bağlı kitabların nəşri onun bir taleyinə çevrilib. Yetişən digər türkdilli nəsil onu tanımaqda özünə qürur duydu. Yetişən nəsil Babaxan Şəriflə təkcə ədəbi əlaqələrə deyil şəxsi münasibətlərə malikdir". Dəfələrlə mükafatlara layiq görüldüyünü xatırladan təsisçi vurğulayıb ki, bu mükafatlar imzaları, gördükləri işlərlə tanınan şəxslərə verilir: "Sizin Azərbaycanla ədəbi əlaqələrlə bağlı çoxlusayda məqalələriniz, gənc yazarlar haqqında yazılarınız, bir sıra kitabları tərcümə etməyiniz bizim üçün çox lazımdır. Bu həm özbək, həm də Azərbaycan ədəbiyyatına verdiyiniz xidmətinizin göstəricisidir. Vaxtilə tələbə mübadilələri ilə bağlı təklifiniz vacibdir. Düzdür, bizdə Özbəkistandan olan tələbələr təhsil alır. Amma bu mübadilə deyil, biz bu mübadiləni təşviq etməliyik. Mən inanıram ki, fəaliyyətinizi bundan sonra da genişləndirəcəksiniz". S.Vəliyeva Azərbaycan nümayəndə heyətinin Özbəkistana səfərinin nəzərdə tutulduğunu qeyd edib: "Mən inanıram ki, orada bizim nümayəndə heyətimizi Babaxan müəllim müşayət edəcək, bizim maarifçilik baxımından ən yaxşı bələdçimiz olacaq". Çıxışından sonra S.Vəliyeva Babaxan Şərifi 70 illik yubileyi münasibətilə "Kaspi" qəzeti və "Kaspi" təhsil şirkəti adından təltif edib. Daha sonra Mətbuat Şurasının sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) sədri Umud Rəhimoğlu çıxış edərək Özbəkistanla əlaqələrindən söz açıb. O bildirib ki, Özbəkistan Azərbaycan qardaşlıq imkanlarının möhkəmlənməsi üçün böyük imkanlar yaranıb. Son illər Özbəkistana bir sıra səfərlər həyata keçirildiyini deyən MŞ-nın sədr müavini söyləyib ki, bu fürsətlərdən istifadə etməklə əlaqələrin daha da genişləndirilməsi və möhkəmləndirilməsinə töhvə vermək mümkündür. Mətbuat Şurasının sədr müavini də nitqindən sonra yubilyara hədiyyə təqdim edib. Tədbirin davamında çıxış edən millət vəkili Qənirə Paşayeva Babaxan Şərif haqqında müsbət fikirlərini söylərək, onun türk dünyasında tanınan şəxsiyyət olduğunu bildirib: "Babaxan Şərifin Özbəkistan Azərbaycan əlaqələrində mühüm rolu var. Onun çap olunan kitablarında Azərbaycana çox böyük yer ayrılıb. Bir fikrin kimin dilindən söylənməsi çox mühümdür. Babaxan bəy Azərbaycan Özbəkistan əlaqələrində çox böyük çəkiyə malikdir". Millət vəkili Özbəkistanda səfər olan zaman Azərbaycana olan böyük sevginin şahidi olduğunu dilə gətirib: "Onlar bizim musiqimiz, tariximiz, mədəniyyət haqqında çox məlumatlıdırlar. İnsanlar Azərbaycan dilində filmlərə baxır. Hər iki ölkənin başçısı münasibətlərin inkişafında maraqlıdır. Biz gənc bəzilərimizin bir-birini tanımasına çalışmalıyıq". Çıxışından sonra millət vəkili B.Şərifi hədiyyə ilə təbrik edib. Təqdimat mərasimində çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov qeyd edib ki, Babaxan Şərif "Özbək -Azərbaycan" lüğəti ilə Özbəkistanla Azərbaycan arasında ədəbi əlaqələrə öz möhürünü vurub: "Azərbaycan- Özbəkistan Elmlər Akademiyasının dilçilik institutlarının birgə işi sayəsində biz bu layihəni həyata keçirdik. Lüğətin ərsəyə gəlməsində və eləcə də iki ölkə arasında dostluq əlaqələrinə töhfə verən hər kəsə təşəkkür edirəm". Mərkəz direktoru qeyd edib ki, Özbəkistan-Azərbaycan münasibətləri çox önəmlidir: "Özbəkistan bizə yaxın ölkədir. Bu baxımdan əlaqələri daha da inkişaf etdirməliyik. Əməkdaşlıqda yeni-yeni səhifələrin açılmasına ehtiyac var. Bu dostluğun daha da yüksək səviyyəyə çatdırılmasında hər kəsdən, xüsusilə də mətbuatdan böyük dəstək gözləyirəm". Tədbirdə Babaxan Şərif Azərbaycanın Özbəkistandakı səfirliyi və Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzi adından Fəxri Fərmana layiq görülüb. Tədbirin davamında çıxış edən natiqlər B.Şərif haqqında müsbət fikirlərini bölüşüblər.