"Prezident verilən bəyanatların yerini və məqamını düzgün seçmişdi" ÖZƏL-MÜNASİBƏT

9 Oktyabr 2019 11:26 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Soçi şəhərində "Valday" Diskussiya Klubunda çıxışı ölkəmiz üçün bir neçə istiqamətdə çox əhəmiyyətli nəticələr verib". Bunu SİA-ya açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

Baş redaktorun sözlərinə görə, ölkəmizin həm siyasətinin vacib istiqamətlərinin bəyan edilməsi, həm ölkəmizin başqa dövlətlərlə münasibətlərdə malik olduğu imkanların nümayiş olunması, həm də Ermənistanın illərdir xüsusilə də son dövrlərdə ölkəmizə qarşı apardığı siyasətin əsas tezislərinin ifşa olunması nöqteyi-nəzərindən çox fundamental və təsirli çıxışlar idi: "Demək olar ki, sonrakı təhlillər göstərdi ki, Prezident orada verilən bəyanatların yerini və məqamını düzgün seçmişdi. İstər Qarabağ problemi ilə bağlı deyilənlər, istər Rusiya-Azərbaycan münasibətləri kontekstində deyilənlər, istərsə də regional layihələrin həyata keçirilməsində Azərbaycanın rolu və potensialı barədə deyilənlər məqamı və məkanı düzgün seçilmiş bəyanatlar idi.

Ermənistan baş nazirinin Qarabağ probleminin mahiyyətini dəyişmək istiqamətində verdiyi bəyanatın xüsusilə ifşa edilməsi "Valday" Diskussiya Klubunun tarixində inanıram ki, böyük hadisə kimi qalacaq. Paşinyanın "Qarabağ Ermənistandır" bəyanatına demək olar ki, dünya ictimai fikrinə çox asanlıqla və əbədi olaraq həkk olunmuş tonda deyilmiş Qarabağ Azərbaycandır fikri bu nöqteyi-nəzərdən "Valday" Diskussiya Klubunun, Dağlıq Qarabağ münaqişəsinin tarixində silinməz iz buraxacaq. Bu bəyanatın çox böyük nəticəsinin, təsirinin olacağına heç bir şübhəm yoxdur. Bu forumda Rusiya-Azərbaycan münasibətləri ilə bağlı ortaya qoyulan fikirlər bu münasibətlərin həm region, həm də dünya üçün nə qədər əhəmiyyətli olduğunu, eləcə də nə qədər genişlənmək, inkişaf etmək, dərinləşmək potensialına malik olduğunu nümayiş etdirdi. Qarabağ münaqişəsinin mahiyyətinin nümayiş olunması kontekstində də "Valday" Diskussiya Klubu çox əhəmiyyətli rol oynadı.