25 fevral Azərbaycanın Milli Qəhrəmanı Sahil Məmmədovun doğum günüdür. Qarabağ Azadlıq Təşkilatından SİA-ya verilən xəbərə görə, Sahil Ələmdar oğlu Məmmədov 1964-cü il fevralın 25-də Qərbi Azərbaycanın Uluxanlı (Masis) rayonu Yuxarı Necili (Nizami) kəndində anadan olub.
O, Birinci Qarabağ müharibəsində fəal iştirak etmiş, Zəngilan rayonu ərazisində zastava rəisi olmuş, Qazançı, Ağkənd, Dərəli kəndlərinin müdafiəsində qəhrəmanlıqla vuruşmuş, Qazançı kəndinin müdafiəsi zamanı ağır yaralanıb. Birinci qrup Qarabağ müharibəsi əlilidir, hazırda DİN-in Pasport, Viza və Qeydiyyat İdarəsində baş inspektor vəzifəsində çalışır.
26 fevral Azərbaycanın Milli Qəhrəmanı Canbulaq (Canpolad) Rzayevin doğum günüdür. Canbulaq (Canpolad) Yaqub oğlu Rzayev 1968-ci il fevralın 26-da Ağdam rayonu Əhmədavar kəndində anadan olub. Leytenant C.Rzayev Xramort, Xanabad, Əsgəran, Qarakənd, Gülablı kəndləri uğrunda gedən döyüşlərdə bir komandir kimi rəşadətlə vuruşub. 1992-ci il fevralın 26-da C.Rzayev öz tankı ilə Xocalıda qətlə yetirilən insanların köməyinə gedib, düşmənin atəş mövqelərini məhv edərək xeyli insanın xilas olmasına şərait yaradıb, sona qədər döyüşüb və şəhid olub.
Məzarı Ağdam şəhərinin Şəhidlər Xiyabanındadır.