Dmitri Medvedyevin Ermənistana yazığı gəldi

26 Fevral 2011 19:05 (UTC+04:00)

2011-ci ildə Ermənistandakı əhali üçün qazın qiyməti artırılmayacaq. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında Ermənistanın dövlət başçısının mətbuat xidmətinin rəhbəri Armen Arzumanyan deyib. O, qeyd edib ki, Sankt-Peterburqdakı danışıqlar zamanı Ermənistan və Rusiya prezidentləri Serj Sarkisyan və Dmitri Medvedyev arasında İrəvana nəql edilən qazın tarifi ilə bağlı razılıq əldə edilib: "2011-ci ild ərzində Ermənistan əhalisi üçün qazın qiyməti artırılmayacaq".

 

Onun sözlərinə görə, əhalinin aztəminatlı təbəqəsi üçün qazın qiymətinin endirilməsi də nəzərdə tutulur. Belə ki, Ermənistan prezidenti Rusiya ilə əldə edilmiş razılaşmanın həyata keçirilməsi üçün müvafiq mexanizmlərin hazırlanması barədə göstəriş verib.

 

Rusiyanın "Qazprom" şirkəti qazın 1000 kub m-nə görə, Ermənistandan 180 dollar alır. Ermənistan hökumətinin qərarı ilə ötən il aprelin 1-də istehlak edilən 1 kubmetr qazın qiyməti 96 dramdan (0,25 dollar) 132 dramadək (0,34 dollar) artırılıb.