Xocalı soyqırımının 19-cu ildönümü ilə əlaqədar Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatı (BMT) və Ermənistanın BMT-dəki daimi nümayəndəliyi qarşısında etiraz aksiyası keçirilib. SİA-nın "Doğan" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, aksiya Amerika Azərbaycanlıları Dərnəyi, Amerika Azərbaycanlılar Şurası və Gənc Türklər Dərnəyi tərəfindən təşkil edilib.
Aksiya iştirakçıları ermənilərin həyata keçirdiyi bu soyqırımı pisləyən və cinayətlərinə görə cavab verməsini tələb edən şüarlar səsləndiriblər. Aksiya yağışlı bir hava şəraitində baş tutub. Gənc Türklər Dərnəyinin rəhbəri Tulga Tekman bildirib ki, aksiyanın keçirilməsində əsas məqsəd BMT və ABŞ ictimaiyyətini hadisədən xəbərdar etməkdir: "Soyqırıma laqeyd qalanlara təsir etmək və Azərbaycan və Türkiyə cəmiyyəti olaraq bunun soyqırım kimi qəbul edilməsini istəyirik. Ermənilərin qondarma soyqırım iddialarına qarşı biz gerçək soyqırımı ABŞ Konqresinə eşitdirmək məcburiyyətindəyik".
BMT və Ermənistanın BMT-dəki daimi nümayəndəliyi qarşısında keçirilən aksiya iki saata kimi davam edib. Aksiyada heç bir insident qeydə alınmayıb.