Güclü küləklə əlaqədar sakinlərə və sürücülərə XƏBƏRDARLIQ

7 Oktyabr 2019 11:35 (UTC+04:00)

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) paytaxtda müşahidə olunan küləklə əlaqədar sakinlərə və sürücülərə xəbərdarlıq edib. SİA-nın məlumatına görə, BŞİH Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov bildirib ki, yaxın bir necə saat ərzində Bakıda və Abşeron yarımadasında şimal küləyinin 15-20, arabir 23-28, bəzi yerlərdə isə arabir 30-33 metr-saniyədək güclənəcəyi gözlənilir. Belə güclü külək, eyni zamanda hazırda ağacların yarpaqla yüklü olması onların aşma ehtimalını artırır:

"Güclü külək hətta sağlam ağacları da aşıra bilər. Buna görə də sürücülərdən xahiş edilir ki, maşınlarını ağacların altında saxlamasınlar. Sakinlərə isə ağacların altında dayanmamaq və ehtiyatlı olmaq məsləhət görülür".