Kaliforniyada bir neçə partlayış baş verib

7 Oktyabr 2019 11:18 (UTC+04:00)

Kaliforniya ştatının Hantinqton-Biç şəhərində bir sıra yerlərdə keçirilən ənənəvi pivə festivalı olan Oktoberfest təntənələri zamanı bir neçə partlayış baş verib. SİA xəbər verir ki, hakimiyyət orqanlarının məlumatına görə partlayışlar nəticəsində beş nəfər xəsarət alıb.

Şəhərin polis idarəsinin rəsmi bəyanatında bildirilir ki, yanğınsöndürənlər və polis əməkdaşları hadisə yerinə yerli vaxtla saat 20:10-da gəliblər. Qeyd olunur ki, partlayışlara Oktoberfest festivalının keçirildiyi “Old World Village” kompleksində transformatorun yanması səbəb olub.

Festival ziyarətçilərinə xidmət göstərən restoranın əməkdaşlarının sözlərinə görə, onlar əvvəlcə obyektin yanındakı yeraltı anbardan gələn qoxunu hiss ediblər. Hantinqton-Biçin yanğınsöndürmə xidməti bölməsindən Ceff Lopes mətbuat konfransında bildirib ki, yeraltı anbarda olan üç transformatordan yalnız biri partlayıb.

İki yanğınsöndürən hadisənin baş verdiyi yerdə yaralanıb və yerli xəstəxanaya çatdırılıb. Onlar müayinə olunduqdan sonra tezliklə evə buraxılıblar. Lopesin sözlərinə görə, orta və ağır dərəcəli bədən xəsarəti alan üç yaralı hələ də xəstəxanadadır.

İnsidentin baş verdiyi ərazi dərhal dövrəyə alınıb və partlayışın səbəblərinin araşdırılması üçün hadisə yerinə xüsusi polis dəstəsi göndərilib. Bir sıra yerli KİV-lərin məlumatına görə əvvəlcə hüquq-mühafizə orqanları terrorizm aktı ehtimalını istisna etmirdilər, lakin bu barədə rəsmi bəyanat hələ ki, yoxdur.