Gömrük işi sahəsində prosedurlar sadələşdirilir və şəffaflıq artırılır

26 Fevral 2011 07:24 (UTC+04:00)
Prezident İlham Əliyev fevralın 25-də "Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında" Fərman imzalayıb. SİA-nın xəbərinə görə, məqsəd Dövlət Gömrük Komitəsinin (DGK) xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin sosial müdafiəsini gücləndirmək, gömrük işi sahəsində prosedurları sadələşdirmək və şəffaflığı artırmaqdır. Sənəddə Azərbaycan gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 25 faizi DGK-nın xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə olunması nəzərdə tutulub. DGK-ya, Daxili İşlər və Ədliyyə nazirliklərinə tapşırılıb ki, Azərbaycan ərazisinə idxal edilən nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi, dövlət qeydiyyatının aparılması, daimi uçota alınması, nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyatı nişanının verilməsi, habelə nəqliyyat vasitələrinə sahiblik, istifadə və sərəncam hüquqlarının verilməsi ilə əlaqədar prosedurların "bir pəncərə" prinsipi əsasında sadələşdirilməsini üç ay müddətində təmin etsinlər. Bundan başqa, sənəddə DGK-nın qanunvericiliklə müəyyən edilmiş bütün gömrük ödənişlərinin yalnız bank və ya plastik kart vasitəsilə alınmasını təmin etməsi, gömrük orqanlarında göstərilən xidmətlərin operativliyini və şəffaflığını artırmaq məqsədilə müraciət edən şəxslərin qəbul edilməsi ardıcıllığının müəyyən olunması üçün elektron idarəetmə sistemi ("elektron növbə") tətbiq etməsi, DGK-nın əməkdaşları tərəfindən qulluq vəzifələrinin icrası zamanı qanunvericiliyin tələblərinə ciddi riayət edilməsinə nəzarətin gücləndirilməsi nəzərdə tutulub. Nazirlər Kabinetinə (NK) tapşırılıb ki, bir ay müddətində NK-nın 1997-ci il 25 dekabr tarixli 140 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının gömrük sisteminin büdcədənkənar inkişaf fondu haqqında Əsasnamə və fondun vəsaitinin xərclənməsi Qaydaları"nı bu Fərmana uyğunlaşdırsın və bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.