Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Şəkidə 2010/2011-ci tədris ili üçün ali və orta ixtisas təhsil müəssisələrinə aparılmış qəbul imtahanlarının elmi-statistik təhlilinə həsr olunmuş zona müşavirəsi keçirib.
SİA-nın xəbərinə görə, tədbirdə TQDK-nın sədri Məleykə Abbaszadə, qurumun əməkdaşları, habelə Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağdaş, Zərdab və Ağsu rayonları təhsil şöbələrinin rəhbərləri, qabaqcıl məktəb direktorları, müəllimlər iştirak ediblər.
Şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova müşavirəni giriş sözü ilə açaraq təhsil müəssisələrinin ötən tədris ili ərzindəki fəaliyyətlərinin yekunları, ali məktəblərə qəbul zamanı qazanılmış uğurlar və yol verilmiş nöqsanların təhlili baxımından TQDK tərəfindən ənənəvi olaraq hər il keçirilən belə müşavirələrin əhəmiyyətini xüsusi vurğulamış, müşavirənin işinə uğurlar arzulayıb.
TQDK sədrinin 2010/2011-ci tədris ili üçün ali və orta ixtisas təhsil müəssisələrinə aparılmış qəbul imtahanlarının elmi-statistik təhlilinə dair məruzəsi dinlənilib.
Komissiya sədri əvvəlcə gənclərin qəbul imtahanlarına hazırlığına metodiki kömək göstərilməsi məqsədi ilə TQDK tərəfindən hazırlanan müxtəlif elmi-metodiki materiallar, fənlər üzrə qəbul proqramları və digər metodiki tövsiyələr barədə məlumat verib. Sonra məruzəçi zalda quraşdırılmış monitorda ayrı-ayrı cədvəllərin köməyi ilə müşavirədə iştirak edən rayonların məzunlarının ötənilki qəbul imtahanlarındakı nəticələrinin statistik təhlilini aparıb.
TQDK sədri bildirib ki, ali məktəblərə qəbul imtahanlarında 108 min 529 nəfər iştirak etmiş, onlardan 28 min 421 nəfəri tələbə adını qazanıb. Qəbul imtahanlarında abituriyentlərin 37,72 faizi 0-100 bal, 23,9 faizi 100-200 bal, 16,68 faizi 200-300 bal, 16,71 faizi 300-500 bal, 5 faizi isə 500-700 bal nəticə göstəriblər. Müşavirədə iştirak edən rayonlar üzrə ali məktəblərin ixtisaslarına qəbulolma faizinə görə ən yüksək göstərici Qax rayonuna məxsusdur. Bu rayon üzrə 377 abituriyentin 134-ü və ya 35,54 faizi ali məktəblərə qəbul olunub. İsmayıllı, Qəbələ, Oğuz və Şəki rayonları məzunlarının da nəticələri yüksək olub. Müşavirədə iştirak edən rayonlar üzrə ən aşağı qəbulolma faizi Ağdaş (22,98 faiz), Zərdab (21,83 faiz) və Ağsu rayonunda (9,7 faiz) qeydə alınıb. Qax, İsmayıllı, Şəki, Oğuz və Qəbələ rayonlarının təhsil şöbələrinin imtahan fənləri üzrə bütövlükdə göstəriciləri respublikanın ən yaxşı 15 təhsil şöbəsinin sırasına daxil edilib.
Müşavirənin sonunda TQDK sədri iştirakçıları maraqlandıran məsələlərə aydınlıq gətirib.