5 Oktyabr Beynəlxalq Müəllimlər Günüdür

4 Oktyabr 2019 18:33 (UTC+04:00)

"Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var"

Ümummilli Lider Heydər Əliyev

5 oktyabr dünya ictimaiyyətinin məhəbbətlə qarşıladığı və daim qəlbində gəzdirdiyi müəllimlərin peşə bayramı - Beynəlxalq Müəllimlər Günüdür. 5 oktyabr tarixinin qeyd edilməsinə dair qərar ilk dəfə 1966-cı il oktyabrın 5-də YUNESKO tərəfindən verilib. Təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd qəbul edilib. İndi dünyanın 100-dən çox ölkəsində oktyabrın 5-də müəllimlər peşə bayramlarını qeyd edirlər. Bu bayramın beynəlxalq səviyyədə keçirilməsi, həqiqətən də, böyük sevginin bəşəri təcəssümünü özündə ehtiva edir. Ağıl və elm kimi dünyaya məxsus olan açarın milyonlarla insanlara əxzində, məhz müəllim qüdrəti, müəllim əməyi əvəzsiz və sonsuzdur. Odur ki, bəşəriyyət formalaşdığı bir zamandan müəllimə olan münasibət fərqli məcrada özünü göstərə bilmişdir. Müəllim ustaddır, öyrədəndir, həyata vəsiqə verəndir. Bu cür məfhumları özündə cəmləşdirən peşə sahibinin peşə bayramının respublika səviyyəsində qeyd olunması ona olan qiymətin bir ölçüsüdür. Dünyanın bütün peşə sahiblərini həyata hazırlayan elə müəllimdir. Bu baxımdan, müəllimlik peşəsi heç bir peşə ilə müqayisəyə gəlməyən bir nümunədir. Dünyanın ən müdrik simaları, liderləri, böyük şəxsiyyətləri, beynəlxalq aləmin hegemon qüvvələri bu ad qarşısında adiləşir, öyrənməyə və nəyisə əxz etməyə çalışırlar. "Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram" deyən Ümummilli Lider Heydər Əliyev, Azərbaycana rəhbərlik etdiyi bütün illərdə, müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qalıb.

DÖVLƏT BAŞÇISININ SƏRƏNCAMLARI İLƏ TƏHSİL İŞÇİLƏRİ "TƏRƏQQİ" MEDALI VƏ "ƏMƏKDAR MÜƏLLİM" FƏXRİ ADLARINA LAYİQ GÖRÜLÜBLƏR

Hər yerdə olduğu kimi, Azərbaycanda da müəllimə qarşı böyük bir imic formalaşıb, hər kəs onun şəxsiyyətinə və böyüklüyünə hörmətlə yanaşır. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev 5 Oktyabr Beynəlxalq Müəllimlər Günü ərəfəsində təhsil işçilərinin təltif edilməsi haqqında sərəncamlar imzalayıb. Belə ki, sərəncamlara əsasən, ümumilikdə, 126 nəfər təhsil işçisi təltif olunub. Dövlət başçısının təhsil işçilərinin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında Sərəncamına uyğun olaraq, 64 nəfər bu medala layiq görülüb. Digər Sərəncama əsasən, Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə, 62 nəfər təhsil işçisinə "Əməkdar müəllim" fəxri adı verilib.

Dünyanın dərk edilməsi elmdə olduğundan, müəllimə bütün zamanlarda ehtiyac duyulur. Hər yerdə olduğu kimi, Azərbaycanda da müəllimə qarşı böyük bir imic formalaşıb, hər kəs onun şəxsiyyətinə və böyüklüyünə hörmətlə yanaşır. Həyatı, yazıb-yaratmağı öyrədən müəlliminə mənən borclu olduğuğunu dərk edərək, onun vücudu qarşısında səcdə edir. Bir müəllimin gücü bir ordu ilə müqayisə oluna bilər. Hər fərdin cəmiyyətdə formalaşması müəllim əməyi, təxəyyülü, zəhməti və illəri hesabına başa gəlir. Cəmiyyətə savadlı, elmi bilikli gənclər ordusunu yetişdirən müəllim onu şəxsiyyət və vətəndaş olaraq cəmiyyətə hazırlayır. Elm və savadla bahəm, bu dəyərlərin aşılanması əsas şərt olduğundan, hər bir müəllim ünsiyyətdə olduğu şagirdlərinə bu keyfiyyətləri aşılamaq üçün öz peşəkarlığını ortaya qoyur. Müəllim pedaqoq və psixoloqdur. Müəllim özünü tərbiyə edib, özündə kamil insani sifətləri aşılayıbsa, demək, müəllim adı ona yaraşır. Özünə aşıladığı bu sifətləri mütləq cəmiyyətə də aşılayacaq. Belə bir cəmiyyətdə missiya daşıyıcısı olan müəllimə yetirilən diqqət də yetərincədir.

TƏHSİLİN İNKİŞAFI İLƏ BAĞLI QARŞIYA QOYULMUŞ HƏDƏFLƏR UĞURLA YERİNƏ YETİRİLİB

Bu gün sivil ölkələr sırasında Azərbaycanı nüfuzlu dövlət kimi görürüksə, demək, dövlətin güclü silahı olan elmi inkişafdadır. Ölkə rəhbərliyi tərəfindən atılan addımlar bu sahənin daha da inkişafına yönəlmişdir. İyirmi birinci yüzillik elm və informasiya əsri olduğundan, sürətli inkişafda Azərbaycan da təhsilini dünya səviyyəsində qurur. Təhsilin inkişafına göstərilən yüksək diqqət Azərbaycanın dünya miqyasında tanıdılmasına və layiqli yerinin təmin olunmasına xidmət edir. Təhsil sistemində əldə olunan yeniliklər Azərbaycan elminin dünyaya inteqrasiya sürətini artırıb.

Dövlət başçısı İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 16 il ərzində, təhsilin inkişafı ilə bağlı qarşıya qoyulmuş hədəflər uğurla yerinə yetirilib. Qəbul olunmuş dövlət proqramları, layihələr, aparılan islahatlar təhsil müəssisələrinin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsində mühüm rol oynayır. Belə ki, məktəblərdə əsaslı təmir-tikinti işlərinin aparılması, müasir tipli yeni təhsil ocaqlarının tikilib istifadəyə verilməsi regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarında öz əksini tapıb. Eyni zamanda, "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin avadanlıqlarla təmin olunmasına dair İnkişaf Proqramı" bu sahədə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini təmin edib. Dövlət başçısının yüksək diqqəti və effektiv göstərişləri əsasında atılan addımlar, icra edilən dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin əldə edilməsinə və yüksək nəticələrin qazanılmasına xidmət edir. Son 16 ildə Bakı şəhərində və respublikanın bölgələrində 3200-dən çox yeni məktəb tikilib və yaxud əsaslı təmir edilib. Bunun nəticəsində, təxminən, 1 milyon şagirdin təhsil şəraiti yaxşılaşıb, birnövbəli tədris sisteminin tətbiq edildiyi məktəblərin sayı əhəmiyyətli dərəcədə artıb.

MÜƏLLİMLİK RƏQABƏTLİ BİR PEŞƏYƏ ÇEVRİLİB

Ötən tədris ilində ümumtəhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi uğurla başa çatdırılıb, ümumilikdə, 150 mindən çox müəllimin həftəlik dərs yükü 1,5 dəfə, vəzifə maaşı 2 dəfə artırılıb. Müəllimlərin fəaliyyətinin stimullaşdırılması tədbirləri davamlı xarakter alıb, ölkə Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən, müəllimlərin aylıq vəzifə maaşları cari il sentyabrın 1-dən orta hesabla 20 faiz artırılıb.

Azərbaycanda təhsilə verilən qiymət və diqqət, artıq təhsilin keyfiyyətcə yeniləşməsinə gətirib çıxarıb. Gələcəyin inkişafı onun təhsilindən başlayır. Prezident İlham Əliyevin dediyi kimi, "Azərbaycanda təhsil sisteminin təkmilləşməsinə çox böyük diqqət göstərilir. Təhsil bizim gələcəyimizdir". Dünyada mövcud olan ən qabaqcıl təcrübə Azərbaycanda tətbiq edilir. Buna görə də, məsuliyyət hissi ilə cəmiyyətə layiqli vətəndaşlar yetişdirilməlidir. Müəllim hər bir yeniliyi izləyərək, onu tətbiq etməlidir. Müəllim savadı və dünyagörüşü ilə böyük bir nəsli tərbiyə edir. Bütün dünyada gedən prosesləri izləyir və ölkəmiz üçün vacib olan məsələləri şagirdlərə çatdırır. Bu günün məktəblisi, gələcəyin əsgəri və vətəndaşıdır. Bu prizmadan çıxış edərək, yüksək bilikli şagird yetişdirməklə, müəllim cəmiyyətə sağlam ruhlu vətəndaş hazırlamalıdır. Müstəqil Azərbaycan iyirmi birinci yüzillikdə qlobal inteqrasiya mexanizminə qoşulmuş sivil, demokratik dövlət kimi inkişafını elm və təhsildən kənarda görmür, bu sahələrin inkişafına daim xüsusi diqqət yetirir.

Əminliklə vurğulaya bilərik ki, cəmiyyətdə müəllimin əməyi böyükdür və gələcəyin inkişaf etməsində və tərəqqisində bugünkü şagirdlərin böyük rolu olacaq. Təməli məktəb partaları arxasında qoyulan şagirdlər, məhz bu gün müəllimin böyük zəhməti sayəsində inkişaf edir. Xalqımızın milli təfəkküründə müəllim adı hər zaman ucalıq, ziyalılıq və mənəvi saflıq rəmzi kimi təcəssüm olunur, böyük hörmətlə və yüksək ehtiramla çəkilir.

NƏZAKƏT ƏLƏDDİNQIZI