Elmar Məmmədyarov GUAM xarici işlər nazirlərinin toplantısı çərçivəsində bir sıra görüşlər keçirib

25 Fevral 2011 21:45 (UTC+04:00)

Ukraynada rəsmi səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov 24 fevral tarixində Kiyevdə keçirilən GUAM Xarici İşlər Nazirlərinin növbəti toplantısında iştirak edib. XİN mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, toplantıda GUAM çərçivəsində aparılan işlərin nəticələri və perspektiv planlar, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə mövzusu olub. Tədbir çərçivəsində nazir E.Məmmədyarov Moldova baş nazirinin müavini və xarici işlər naziri cənab Yuri Leanka ilə görüş keçirib. Görüşdə Azərbaycanla Moldova arasında ikitərəfli münasibətlər, enerji, ticarət və digər sahələrdə əməkdaşlıq perspektivlərini müzakirə edilib.

 

Eyni zamanda nazir E.Məmmədyarov Ukraynanın Prezidenti cənab Viktor Yanukoviçlə görüşüb. Ukrayna Prezidenti Azərbaycanla Ukrayna arasında münasibətlərin inkişaf etdiyini vurğulayaraq, iki ölkə arasında enerji sahəsində əməkdaşlığın genişləndiyini yüksək qiymətləndirib. Prezident V.Yanukoviç Azərbaycanın Prezidenti cənab İlham Əliyevlə Davos İqtisadi Forumunda keçirdiyi görüşünün ona yüksək təəssürat bəxş etdiyini qeyd edərək, Azərbaycan Prezidenti ilə müştərək layihələr və təşəbbüsləri müzakirə etdiklərini bildirib.