Təbrizdə “Xocalı soyqırımı-İnsanlığa qarşı ağlasığmaz cinayət” mövzusunda konfrans keçirilib

25 Fevral 2011 21:25 (UTC+04:00)

Konfransada ilk öncə Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. SİA-nın xəbərinə görə, daha sonra İslam Konfransı Gənclər Forumunun mədəniyyətlər arası dialoq üzrə baş koordinatoru Leyla xanım Əliyevanın təşəbbüsü ilə təsis edilmiş "Xocalıya ədalət" beynəlxalq informasiya və təşviqat kampaniyası çərçivəsində hazırlanmış "Xocalıya ədalət" adlı musiqili klip nümayiş olunmuş və justiceforkhojaly.org internet səhifəsinin yeni versiyası haqqında konfrans iştirakçılarına məlumat verilib.

Azərbaycanın Təbrizdəki baş konsulu konfransda çıxış edərək Azərbaycan xalqının davamlı olaraq erməni millətçilərinin etnik təmizləmə, soyqırımı siyasətinə məruz qaldığını, bu soyqırım siyasətinin ən qəddarı olan Xocalı gecəsində yüzlərlə uşaqların, qadınların, qocaların, əlillərin öz doğma torpaqlarında erməni vandalları tərəfindən misli görünməmiş xüsusi amansızlıqla qətlə yetirildiyini, itkin düşdüyünü və minlərlə sakinin əsir götürüldüyünü, müsəlman aləminə aid türbələrin, kümbəzlərin, məzarların yerlə-yeksan olunduğunu, qəbiristanlıq və məscidlərin isə dağıdıldığını konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Baş konsul qeyd edib ki, Xocalı soyqırımının beynəlxalq müstəvidə tanıdılması və erməni faşizminin ifşası ilə bağlı ilk əməli təşəbbüs ümumilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonrakı dövrə təsadüf etmiş və bu məqsədlə atılan mühüm addımlardan biri erməni təcavüzü nəticəsində üzləşdiyimiz milli faciələrimizə siyasi-hüquqi qiymətin verilməsi olub, lakin dünya dövlətləri bu dəhşətli hadisə haqqında məlumatlı olsalar da, Xocalıda baş verənləri indiyədək soyqırımı kimi tanımayıblar.

Baş konsul Azərbaycan Respublikası Prezidentinin Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasını daim vacib məsələ kimi müəyyənləşdirdiyini və onun təşəbbüsü ilə Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınması istiqamətində çox işlər görüldüyünü qeyd edib. Konfransda Türkiyənin Təbrizdəki baş konsulu da çıxış edərək Xocalı faciəsinin həqiqətən insanlığa qarşı cinayət, soyqırımı olduğunu, Azərbaycan torpaqlarının beşdə birini işğal etmiş Ermənistanın dəfələrlə bu cür qətliamlar törətdiyini, bu qətliamlar nəticəsində hələ də günahsız insanların əziyyət çəkdiyini bildirmiş, konfransda səsləndirilən fikirlərə qoşulduğunu və faciənin qurbanlarını hörmətlə andıqlarını vurğulayıb.

Mərasimdə İran İslam Respublikasının Şərqi Azərbaycan Vilayətinin dövlət rəsmiləri, Türkiyənin Təbrizdəki baş konsulu və əməkdaşları, Təbrizdə yaşayan Azərbaycan vətəndaşları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.