NATO-nun baş katibi Anders Foq Rasmussen Liviyaya hərbi müdaxilə planının olmadığını açıqlayıb.
SİA-nın məlumatına görə, "Associated Press" agentliyinin yaydığı xəbərdə bildirilir ki, Rasmussen Ukraynanın paytaxtı Kiyevdə jurnalistlərə verdiyi açıqlamada alyansa hərbi müdaxiləyə dair hər hansı tələbin gəlmədiyini, eyni zamanda bu cür müdaxilənin yalnız BMT qərarı nəticəsində edilə biləcəyini deyib. Baş katib Liviyadakı olayların hazırda hər hansı NATO üzvünü təhdid etmədiyini, ancaq bölgədəki problemin geniş miqyaslı qaçqın böhranına səbəb ola biləcəyini söyləyib.
Avropa Birliyi isə 6 minə yaxın ittifaq vətəndaşının olduğu Liviyada humanitar vəziyyət daha da pisləşəcəyi təqdirdə hərbi əməliyyat keçirilə biləcəyini bəyan edib. Adının açıqlanmasını istəməyən yüksək vəzifəli bir AB rəsmisi silahlı müdaxilənin üzərində çalışılan ehtimallardan biri olduğunu deyib. AB rəsmisi hələlik əməliyyat qərarından uzaq olduqlarını, ancaq bütün variantları nəzərdən keçirdiklərini bildirib.