Bərdədə əhalinin siyahıya alınması yüksək səviyyədə təşkil olunub - FOTOLAR

1 Oktyabr 2019 11:57 (UTC+04:00)

Respublikamızın hər yerində olduğu kimi, Bərdə rayonunda da əhalinin siyahıya alınması mühüm dövlət tədbiri kimi yüksək səviyyədə keçirilir. Bərdə Rayon Statistika İdarəsinin rəisi Əlövsət Məmmədov SİA-ın Qarabağ üzrə bölgə müxbirinə bildirib ki, əhalinin siyahıya alınması “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıya alınmasının keçirilməsi ilə bağlı tədbirlər planı haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2016-cı il 16 dekabr tarixli qərarına əsasən aparılır: "Bir neçə gün əvvəldən hazırlıq işləri qrafikə ciddi əməl edilməklə həyata keçirilib. Şəhər, qəsəbə və kənd ərazi dairələri üzrə sxematik xəritələr işlənib, ərazilər, küçə adları təkrar dəqiqləşdirilib. Normativə uyğun olaraq siyahıyaalma, təlimatçı və sayıcı məntəqələri yaradılıb. Siyahıyaalma, təlimatçı və sayıcı məntəqələri üzrə işə cəlb edilmiş işçilərin sentyabrın 27-dək təlimatlandırılması tərtib edilmiş proqram üzrə davam etdirilib".

Qeyd edək ki, ötən siyahıyaalmadan sonrakı dövrdə Bərdə rayonunun əhalisi 14 min 703 nəfər və ya 10,5 faiz artaraq, bu il yanvarın 1-nə 156,4 min nəfərə çatıb. Siyahıyaalmaya Ermənistanın işğalı nəticəsində doğma yurdundan didərgin düşərək rayon ərazisində məskunlaşmış məcburi köçkün soydaşlarımız da cəlb edilib.