Bütün dünyada olduğu kimi, ölkəmizdə də Beynəlxalq Ahıllar Günü təntənəli şəkildə qeyd olunur. BMT-nin Baş Məclisinin 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı qəbul etdiyi qətnamənin prinsiplərinə uyğun olaraq, hər il 1 oktyabr bütün dünyada Beynəlxalq Ahıllar Günü kimi qeyd olunur. Bu günün beynəlxalq səviyyədə qeyd olunması isə ahıllara diqqət və qayğının artırılması məqsədi daşıyır.
Azərbaycanda Beynəlxalq Ahıllar Günü 1993-cü ildən qeyd olunur. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ahıl insanlara, onların problemlərinə hər zaman böyük diqqət və qayğı ilə yanaşmasının nəticəsi olaraq, 22 iyun 2001-ci il tarixdə "Ahıllara sosial xidmət haqqında" Qanun qəbul olunub. Həmin Qanuna əsasən, ölkədə 70 yaşına çatan Azərbaycan vətəndaşları, habelə, ölkəmizdə daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər ahıl hesab olunur. Hazırda ölkəmizdə 400 minə yaxın ahıl var.
Ahılların hərtərəfli dövlət qayğısı ilə təmin olunması, onların maddi və mənəvi tələbatlarının ödənilməsi Ümummilli Lider Heydər Əliyevin sosial siyasət kursunun mühüm tərkib hissəsi olmuşdur. Milli və bəşəri dəyərlərə söykənən bu siyasət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən layiqli tərzdə davam və inkişaf etdirilməkdədir. Dövlət tərəfindən sosial təminat sahəsinə aid qanunların, fərman və sərəncamların qəbulu zamanı ahılların maraqları, sosial statusu nəzərə alınıb. Belə ki, "Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı"na əsasən, onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində davamlı islahatlar həyata keçirilib. Həmin islahatlar ölkəmizdə sosial müdafiə sisteminin beynəlxalq standartlar səviyyəsində yenidən qurulmasına imkan verib.
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanan 2008-ci il 30 dekabr tarixli Sərəncamı ilə təsdiq olunan "2009-2015-ci illərdə sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı"nın uğurla icrası ilə sığorta-pensiya sisteminin davamlı inkişafına nail olunub. Ölkəmizdə tətbiq olunan yeni sığorta-pensiya sistemində pensiyaların artırılması, bazar iqtisadiyyatının tələblərinə uyğun tərzdə dəyişdirilməsi mövcud maliyyə imkanlarının bütün pensiyaçılar arasında ədalətli bölgüsünə imkan verib.
Ötən illər ərizində, Azərbaycan Prezidenti İlham Əliyev yaşa görə əmək pensiyasının baza hissəsinin artırılması, sığorta hissəsinin artırılması və s. bağlı sərəncamlar imzalayıb. Bu gün tənha ahıl vətəndaşlara ictimai əsaslarla evlərində sosial xidmətlər göstərilir. Bu tədbirlər dövlət səviyyəsində həyata keçirilir. Dövlət başçısının bu təbəqədən olan insanlara diqqət və qayğısının növbəti ifadəsi kimi, Bilgəhdə müharibə və əmək əlilləri üçün pansionatının beşmərtəbəli, 170 yerlik ikinci korpusu inşa olunaraq, istifadəyə verilib. Burada beynəlxalq təcrübədən irəli gələn meyarlara uyğun olaraq, tənha ahıl və əlillərin keyfiyyətli tibbi-sosial xidmətlə təmin edilməsi və asudə vaxtlarının mənalı təşkili üçün müasir tələblərə uyğun şərait yaradılıb. Dövlət qarşısında xüsusi xidmətləri olmuş ahılların bir qismi əmək pensiyaları ilə yanaşı, Azərbaycan Prezidentinin təqaüdü ilə də təmin olunurlar. Ahıl şəxslərin dövlət hesabına bərpa-müalicə xidməti, reabilitasiya avadanlıqları və sanatoriya-kurort yollayışları ilə təminatı sahəsində də işlər ilbəil güclənir.
Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan uğurlu sosial siyasət bu gün Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam və inkişaf etdirilir, bu siyasətin mərkəzində isə insan amili dayanır. Bunun nəticəsi olaraq, ölkədə dinamik iqtisadi inkişaf prosesləri vətəndaşların rifah halının yaxşılaşdırılması istiqamətində mühüm irəliləyişlərin əldə olunması ilə nəticələnir.
2019-cu ilin ötən dövründə dövlət başçısı İlham Əliyevin imzaladığı fərman və sərəncamlar da əhalinin sosial müdafiəsinin gücləndirilməsində inqilabi addımlardır. Eyni zamanda, dövlət himayəsində yaşayan tənha yaşlı və ahıl insanların normal yaşayış şəraiti, onların etibarlı sosial müdafiəsi təmin olunur. İmzalanan fərman və sərəncamların həssas qruplara dövlət qayğısının əhəmiyyətli tərzdə artmasına imkan verir.
Ölkəmizdə əlil, tənha və ahıllara xidmət göstərən müəssisələrin sakinləri də tam dövlət qayğısı ilə əhatə olunublar. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ahıllara qayğısı da böyük rəğbətlə qarşılanır. Azərbaycanın Birinci Xanımı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə fondda ahıllarla, müharibə veteranları ilə görüşlər keçirilir və onların sağlamlığı diqqətdə saxlanılır. Ahıllar günündə də bu insanlar üçün müxtəlif tədbirlər təşkil olunur. Qocalar səhiyyə ocaqlarında müayinə edilir, onlar üçün konsertlər və bayram şənlikləri keçirilir.
ZÜMRÜD BAYRAMOVA