Futbolçu olsaydım Azərbaycanda oynayardım Acun İlıcalı

30 Sentyabr 2019 11:41 (UTC+04:00)

“Fənərbağça” klubunun almaniyalı futbolçusu Maks Kruzenin Türkiyə Super Liqasının VI turunda “Qalatasaray”la səfər matçında Türkiyənin dövlət himnini oxuması müzakirə mövzusuna çevrilib. SİA-nın məlumatına görə, Türkiyədə tanınmış futbol şərhçisi Sinan Engin “Bəyaz TV”də “Maks Kruzeyə İstiqlal Marşını Acun Ilıcalı öyrədib” deyib. Onun həmkarı Ahmet Çakar isə “Maks Kruze kimi bir əcnəbinin İstiqlal Marşını öyrənməyi hoqqabazlıqdır”, söyləyib.

Canlı yayıma qoşulan Türkiyənin məşhur aparıcısı, TV8-in sahibi Acun Ilıcalı isə buna sərt şəkilə etiraz edib: “Maks Kruze 30 dəfə Almaniya millisində oynamış futbolçudur, şouya ehtiyacı yoxdur. Almaniyada bizim vətəndaşları sevib, demək ki, biz sevdirmişik. Hər yerdə irqçilik var. Türkiyədə qaradərili oyunçuları çox sevirik. Demək ki, bizim belə bir xüsusiyyətimiz var" sözlərinə Ahmet Çakar ona yenə də mübahisə doğuracaq sual ünvanlayır; "Əgər 25 il öncə indiki kimi televiziya rəhbəri deyil futbolçu olsaydınız və "Milan" komandasında oynadığınız halda İtaliyanın milli marşını oxuyardınızmı?". İlıcalının cavabı isə belədir "Niyə İtaliya, Almaniya deyirsiz? Mən futbolçu olsaydım Azərbaycanda oynayardım və çox gözəl bir şəkildə oranın himnini oxuyaram. Biri çıxıb mənə şarlatan desə, bütün həvəsim qırılar, özümü sorğu-sual edərəm. Baxıram ki, hər kəs xoşbəxtdir. Bu adam sabah, birisigün Almaniyaya gedəcək və Türkiyədən bəhs edəcək. Bir alman getdiyi zaman “məni nə qədər gözəl qucaqladılar” - desə, yaxşı deyilmi?”.

Qeyd edək ki, İstanbul derbisi qolsuz bərabərliklə başa çatıb. “Qalatasaray”ın heyətində isə hollandiyalı Rayan Babel Türkiyə himnini oxuyub.