İqtisadçı ekspert: "Azərbaycan höküməti neftin qiymətinin süni şəkildə artmasına maraqlı deyil" - AÇIQLAMA

25 Fevral 2011 01:04 (UTC+04:00)
"Dünyada neftin qiymətinin artması birbaşa Yaxın Şərqdə gedən proseslərlə bağlıdır. Baxmayaraq ki, o ölkələrin hamısı neft ölkəsi deyil, lakin neft bazarında, investorlarda müəyyən narahatçılıq var ki, qeyri-stabillik neft istehsal edən digər ölkələrə keçə bilər". Bunu iqtisadçı ekspert Vüqar Bayromov SİA-ya verdiyi açıqlamasında deyib. O bildirib ki, ərəb ölkələrində baş verən qeyri-stabil vəziyyətin Səudiyyə Ərəbistanda da yaşana biləcəyi ilə bağlı müəyyən narahatlçılıqlar var ki, bu da neft bazarına psixoloji təsir göstərir və neftin qiymətinin bir barel üçün 100 dolları keçməsinə səbəb olub.

Dünya bazarında neftin qiymətinin artmasının ölkəmizə təsirinə gəlincə V.Bayramov Azərbaycanın neft ölkəsi olduğunu xatırladaraq söyləyib ki, neftin qiymətinin artması ölkəmizin neft satışının gəlirlərinin artmasına gətirib çıxaracaq.

Ölkəmizin gün ərzində 1 milyon 200 min barelə yaxın neft ixrac etdiyini dilə gətirən iqtisadçı ekspert vurğulayıb ki, gün ərzində ixrac olunan neftin 80 faizi dövlət büdcəsinə, neft fonduna köçürülür: "Bu baxımdan neftin qiymətinin artması ölkəmizin neft, eləcə də dövlət büdcəsinin gəlirlərinin artmasına şərait yaradır Amma nəzərə almaq lazımdır ki, Azərbaycan höküməti neftin qiymətinin süni şəkildə artmasına maraqlı deyil. 2008-ci ilin təcrübəsi göstərir ki, neftin qiymətinin süni şəkildə artması dünyada böhranın yaranmasına gətirib çıxarır. Sonra isə neftin qiymətinin kəskin şəkildə azalmasına səbəb olur. Ona görə də Azərbaycanın mövqeyi neftin qiymətinin süni və kəskin şəkildə artmamasından ibarətdir. Yaxşı olardı ki, qiymət stabil olsun. OPEK, eləcə də neft alan və istensal edən ölkələr üçün neftin bir barelinin qiymətinin 80-90 dollar arasında dəyişməsi məqsədəuyğundur və bu qiymət də Azərbaycan həmçinin də dövlət büdcəsi üçün kifayət qədər normal və uyğun qiymətdir".