Siyavuş Kərimi: “Ölkəmizin yüksək mədəniyyətini dünyaya nə qədər çox tanıtsaq, Azərbaycanın haqq səsi bir o qədər tez eşidilər”

25 Fevral 2011 00:35 (UTC+04:00)
"5-10 il bundan öncə Azərbaycanda muğama qarşı sayğısızlıq var idi. Ancaq son dövrlərdə ölkə başçısı İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın diqqət və qayğısı sayəsində muğama münasibət tamamilə dəyişib. SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi deyib. O bildirib ki, ölkədə müxtəlif muğam müsabiqələrinin keçirilməsi gənclərin muğama marağını artırır, onların bu sənətə gəlməsinə müsbət şərait yaradır.
Onun sözlərinə görə, muğam insanların öz köklərinə baxışı, müraciəti, qayıdışıdır. S.Kərimi qeyd edib ki, ümumiyyətlə, bir azərbaycanlı kimi öz milli-mənəvi dəyərlərimizi dünyaya nə qədər çox və geniş bəyan etsək, ölkəmizin yüksək mədəniyyətini dünyaya nə qədər çox tanıtsaq, bir o qədər də Azərbaycan tanınar və onun haqq səsi daha tez eşidilər.