Bu gün Ümid Partiyasının Mərkəzi Qərargahında Ümid və Azərbaycan Demokrat Partiyaları arasında "Qarabağ" siyasi blokunun yaradılması haqqında ikitərəfli əməkdaşlıq sazişi imzalanıb.
Ümid Partiyasından SİA-ya verilən xəbərə görə, imzalanma mərasimində hər iki partiyanın sədrləri və digər funksionerləri iştirak edib. İlk öncə çıxış edən ADP sədri Sərdar Cəlaloğlu bildirib ki, Azərbaycan Demokrat və Ümid partiyaları arasında heç bir ideoloji və ya psixoloji fikir ayrılıqları yoxdur: "Bu da ona əsas verir ki, haqq işimizdə, mübarizə yolumuzda birgə addımlar ataq, fəaliyyətimizi bir siyasi blok daxilində davam etdirək. İmzalayacağımız sazişin müddəalarına əsasən bu siyasi blok həm digər siyasi partiyaları da özündə birləşdirə, eyni zamanda özü də digər assosasiyalarla birləşmək hüququna malikdir. Bu gün Qarabağ siyasi blokunun bünövrəsi bu iki partiya tərəfindən qoyulur. Hər iki partiyanı bugünkü gün münasibəti ilə təbrik edirəm".
Daha sonra çıxış edən Ümid Partiyasının sədri İqbal Ağazadə fevral ayının Qarabağ tarixində heç də uğurlu olmadığını bildirib: "Qarabağın tarixində ən acılı günlər fevral ayına təsadüf edib. Əslində Qarabağ üçün hər ay ağrılı acılıdır. Həm Qarabağın, eynilə bütün Azərbaycanın acısız və xoş günləri üçün bir siyasi blokda birləşərək hakimiyyət uğrunda birlikdə mübarizə aparmağımızın böyük xidmətləri olacaq. Hakimiyyətə gəlmək uğrunda mübarizəmizdə bütün enerjimizi bu məqsədə sərf edəcəyik. Hər birimizə bu yolda böyük uğurlar arzulayıram".
Sonda Azərbaycan Demokrat Partiyasi və Ümid partiyalarının sədrləri Qarabağ siyasi blokunun yaradilmasi haqqinda Sazişi imzalayıblar.