Ən yaxşıların seçməsi sorğusunda saxtakarlıq aşkarlanıb

26 Sentyabr 2019 11:20 (UTC+04:00)

FİFA-nın 2019-cu ilin ən yaxşılarını seçməsi ilə bağlı sorğuda xoşagəlməz hadisə yaşanıb. SİA-nın məlumatına görə, milli komandaların kapitanları və baş məşqçiləri, həmçinin jurnalistlərin qatıldığı səsvermə zamanı saxtakarlıq aşkarlanıb.

Nikaraqua yığmasının kapitanı Xuan Barreranın səsi düzgün hesablanmayıb. FİFA futbolçunun 1-ci yeri Lionel Messiyə, 2-ci sıranı Sadio Mane, 3-cü pilləni Kriştiuanu Ronaldoya verdiyini qeydə alıb.

Amma X.Barrera Lionel Messiyə səs vermədiyini açıqlayıb: “Mən “Ən yaxşı” mükafatı üçün sorğuda Messiyə səs verməmişəm”.

Qeyd edək ki, argentinalı futbolçu digər iki namizəd Vircil van Deyk və Kriştianu Ronaldonu qabaqlayaraq ilin ən yaxşısı seçilib. L.Messinin səsvermədəki qələbəsi birmənalı qarşılaşmayıb və ona səs verənlər ciddi tənqid olunub.