Lənkəran şəhərində iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun ev muzeyində "Qəhrəmandan qəhrəmana salam olsun!" mövzusunda tədbir keçirilib.
SİA-nın cənub bürosunun məlumatına görə, pedaqoji işçilərin, məktəblilərin qatıldığı tədbiri giriş sözü ilə açan ssenarist Cəfər Fətullayev general-mayor Həzi Aslanovun qəhrəmanlığından, Milli Qəhrəman Mübariz İbrahimovun düşmən hücumunu dəf edərkən göstərdiyi rəşadətdən söhbət açıb. Gənc nəslin mübariz ruhda tərbiyə olunmasında belə qəhrəmanlarımızın təbliğinin böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıb.
Tədbirdə çıxış edən Lənkəran Mərkəzləşdirilmiş Kitabxanalar Sisteminin direktoru Siddiqə Rzayeva, Lənkəran Dövlət Universitetinin baş müəllimi Hüseynağa Hüseynov və başqaları qeyd ediblər ki, belə tədbirlər nəinki məktəblərdə, həmçinin mədəniyyət evlərində, digər ictimai yerlərdə keçirilməlidir. Azərbaycan gəncliyi öz cəsurluğu iə tarixdə silinməz iz buraxan həmişəyaşar qəhrəmanlarımızdan öyrənməlidir. Bütün məktəblərimizdə dərslər Mübariz İbrahimov kimi gənclərin qəhrəmanlığı barədə məlumat verməklə başlanmalıdır.
Tədbirin sonunda Mübariz İbrahimov və Fərid Əhmədova həsr olunmuş film nümayiş etdirilib.