Hacıqabul rayonunda ötən ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib. SİA-nın bölgə müxbirinin məlumatına görə, İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov rayonda görülmüş işlər barəsində məlumat verərək qeyd edib ki, 2010-cu ildə rayonda iqtisadiyyatın bütün sahələri üzrə məhsul buraxılışının həcmi 130,225 min manat olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 40,3 % çoxdur. Məhsul buraxılışının 40,2 %-i kənd təsərrüfatının payına düşür. Rayon üzrə ümumi məhsul buraxılışının həcmində qeyri-dövlət sektorunun xüsusi çəkisi 68,8 % təşkil edib. Bu isə 2009-cu illə müqayisədə 8,3 % çoxdur.
Rayon rəhbəri aqrar bölməyədə nəzər salaraq vurğulayıb ki, 2010-cu ilin məhsulu üçün rayonda 11,305 hektar taxıl əkilmişdir ki, bunun 6004 hektarı buğda, 5301 hektarı isə arpa sahəsi olub.
Hesabat dövründə 15258 ton bostan, 13540 ton tərəvəz, 5850 ton meyvə məhsulları yığılıb. Bütünlükdə aqrar bölmədə davam edən artım heyvandarlıqda da özünü biruzə verib. Belə ki, ət istehsalı 4800 ton, süd istehsalı 13,800 ton, yun istehsalı 206 ton, yumurta istehsalı isə 113,480 min ədəd olub.
Azərbaycan Prezidentinin 23 yanvar 2007-ci il tarixli 1907 saylı sərəncamı əsasında istehsalçılara əkin sahələrinin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına yardımlar verilir. Bu imtiyazla rayonumuzun 2545 nəfər kənd əməkçisi əhatə olunub. Göstərilən şəxslər ilin əvvəlindən indiyə kimi dövlətdən 547,350 manat yardım alıblar.
Hacıqabul şəhərinə Bakı istiqamətindən giriş hissədə Dağüstü massivdə "31 mart soyqırımı", "Xocalı harayı", "Qarabağ döyüşləri" və "Haray əsgər" abidə kompleksinin tikintisi başa çatdığını deyən Ə.Muxtarov qarşıda duran vəzifələrdən və nöqsanlardan da söz açıb.
Sonra müzakirələr aparılıb.
Hesabat yığıncağında Prezident Adminstrasiyasının məsul işçisi Rəhim Məmmədov və millət vəkili Rafael Hüseynov iştirak edib.
Sonra rayon içtimayəti adından ölkə başçısına müracıət qəbul edilib. .