“İRƏLİ” Liderlik Akademiyasına iştirakçıların qəbuluna start verir

24 Fevral 2011 21:03 (UTC+04:00)

"İrəli " İctimai Birliyinin Təlim Mərkəzi yeni layihəyə iştirakçı qəbulunu elan edir. Birliyin mətbuat katibi Aynur Həsənzadənin SİA-ya verdiyi məlumata görə, "İrəli Liderlik Akademiyası" adlanan layihənin fəaliyyəti 3 mərhələdən ibarət olacaqdır: Əsl lider üçün tələb olunan bilik və keyfiyyətlərin öyrədilməsi; Cəmiyyətin öndəgedən liderləri ilə görüşlərin təşkil olunması; İştirakçılar arasında seçilən liderlərin özünü təsdiqinə şəraitin yaradılması.

Layihənin məqsədi liderlik potensialı olan gənclərin peşəkar səviyyədə formalaşmasına və qısa zamanda özlərini ifadə etməsinə dəstək olmaqdır.

Layihədə ictimaiyyətin müxtəlif sahələrində artıq uğura imza atmış, dövlətçiliyin və toplumun inkişafı naminə fəaliyyət göstərmək istəyən, iddialı, peşəkar, məsuliyyətli, daima öyrənməyə və inkişafa hazır, reallaşdırmaq istədiyi layihə və təklifləri olan, öz uğurları ilə Azərbaycan dövlətçiliyi tarixinə töhfə vermək istəyən gənclər iştirak edə bilərlər.

İştirak etmək istəyən gənclər CV və doldurulmuş anket formalarını məktubun başlığına layihənin adını yazmaqla [email protected] ünvanına göndərməlidirlər.

Layihə iştirakçılarının sayı 35 nəfər, layihənin müddəti 3 ay olacaqdır. Müraciət üçün son tarix 05.03.2011 tarixidir.