Norveçdə “Xocalı: Faciədən öyrəndiklərimiz” adlı seminar keçiriləcək

24 Fevral 2011 19:20 (UTC+04:00)
Norveç Azərbaycanlıları Gənclər Təşkilatının (NAYO) təşəbbüsü ilə Xocalı soyqırımının 19-cu ildönümü münasibətiylə Norveçin Holokost soyqırım mərkəzində "Xocalı: Faciədən öyrəndiklərimiz" (Khojali: Lesson from Tragedy) adlı seminar keçiriləcək. Diasporla İş üzrə Dövlət Komitəsindən SİA-ya verilən xəbərə görə, tədbirdə həmçinin, Heydər Əliyev Fondunun sözügedən faciə ilə bağlı hazırladığı foto sərgi nümayiş etdiriləcək.

Seminar–sərgidə NAYO-nun üzvləri, Norveç hökumətin nümayəndələri, norveçli və əcnəbi siyasətçilər, tədqiqatçılar, professorlar, orada təhsil alan yerli və xarici tələbələr, KİV nümayəndələri iştirak edəcəklər. Tədbirdə iştirak edəcək Azərbaycanın İsveçdəki fövqəladə və səlahiyyətli səfiri Rafael İbrahimov Xocalı soyqrımı və onun törətdiyi fəsadlar haqqında ətraflı məlumat verəcək. Bu seminarla bağlı NAYO-nun sədri Ramil Əliyev ilk dəfə olaraq Norveçin məşhur Holokost mərkəzində Xocalı soyqırımı ilə bağlı tədbir keçirdiklərini bildirib: Seminara "Xocalı: Faciədən öyrəndiklərimiz" adını verməkdə əsas məqsəd həm norveçlilərə, həm orada yaşayan digər millətlərin nümayəndələrinə sözügedən faciə ilə bağlı tarixi faktları çatdırmaq və ermənilərin hər cür vəhşilik törədərək, bütün beynəlxalq hüquq qaydalarını pozmağa qadir olan bir millət olduğunu bir daha bildirməkdir.

Seminar sonunda iştirakçılara və KİV nümayəndələrinə Xocalı soyqırımı ilə bağlı məlumatların, fotoların yer aldığı xarici dillərdə kitablar və bukletlərin paylanması və videoçarxın göstərilməsi nəzərdə tutulub.