Martın 9-da Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü və dəstəyi ilə Gənc Tamaşaçılar Teatrında Azərbaycanın qüdrətli ədibi, görkəmli maarif və mədəniyyət xadimi Abdulla Şaiqin anadan olmasının 130 illik yubileyi münasibəti ilə təntənəli tədbir keçiriləcək.
Bu barədə SİA-ya Mədəniyyət və Turizm nazirliyindən məlumat verilib.
Mərasimdə Mədəniyyət və Turizm Naziri başda olmaqla nazirliyin rəhbər heyəti, AMEA-nın və Azərbaycan Yazıçılar Birliyinin məsul şəxsləri, Azərbaycan elm və mədəniyyət xadimləri, Abdulla Şaiqin tədqiqatçıları, Ali məktəblərin professor və müəllim heyəti, tələbələr, şagirdlər, bir sözlə bütün Şaiqsevərlər toplaşacaq. O cümlədən tədbirə respublikanın mədəni ictimai mühitinin müxtəlif sahələrində çalışan tanınmış ziyalılar qonaq qismində dəvət olunublar.
Tədbirin keçirilməsində məqsəd milli bədii fikir tarixində özünəməxsus yeri olan, qüdrətli ədibimiz, Azərbaycan ədəbiyyatının klassiki Abdulla Şaiqi bir daha yad etmək, yaradıcılığını təbliğ etmək, bu yöndə fəaliyyət göstərən Mənzil Muzeyinin işini təqdim etməkdir.