Vüqar Rəhimzadə: “Cinayəti törədənlər gec-tez öz layiqli cəzalarını alacaqlar” - MÜNASİBƏT (SƏSTV)

24 Fevral 2011 03:37 (UTC+04:00)

Xocalı faciəsi bəşəriyyətə, insanlığa qarşı törədilən misli görünməmiş bir qətliamdır. Hesab edirəm ki, ikili standartlarla münasibət bildirən dövlətlərin başçıları, bəzi beynəlxalq təşkilatlar bu faciəyə laqeyd yanaşırlar. Bu fikri "İki Sahil" qəzetinin baş redaktoru, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Mətbuat Şurası (MŞ) İdarə Heyətinin üzvü Vüqar Rəhimzadə "SƏS.TV"-yə müsahibəsində bildirib. Baş redaktor qeyd edib ki, son illər Xocalı soyqırımı ilə bağlı dövlət qurumlarının, ictimai-siyasi təşkilatların apardıqları hərtərəfli işlər nəticəsində artıq dünya ictimaiyyəti reallıqları dərk edir: "Dünya birliyi başa düşür ki, Xocalı XX əsrin ən dəhşətli soyqırımlarından biridir. Möhtərəm Prezidentimizin apardığı uğurlu xarici siyasət nəticəsində bu gün Xocalı faciəsi bütün dünyaya reallıqları ilə çatdırılır. Xocalı soyqırımı və Dağlıq Qarabağ probleminin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ən böyük missiya Heydər Əliyev Fondu və Fondun Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyeva tərəfindən başlanılan "Xocalıya Ədalət" kompaniyası çərçivəsində yerinə yetirilir. Dünyanın bir çox ölkəsində bu faciə ilə bağlı sənədli filmlər təqdim olunur, beynəlxalq təşkilatlara məktublar ünvanlanır. Eyni zamanda Azərbaycanın xaricdəki diplomatik korpusları, diaspor təşkilatları sistemli olaraq təbliğat aparır, faciə ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırır. Bu, möhtərəm prezidentimiz İlham Əliyevin apardığı uğurlu xarici siyasətin məntiqi nəticəsidir".

 

Faciənin ilkin illərində, hadisənin reallıqlarının xalqa çatdırlmasında müəyyən problemlərin olduğunu deyən V.Rəhimzadə bildirib ki, faciəyə hüquqi və siyasi qiymət ümumilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra verilib: "1993-cü ildə ümumilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanda baş verən hadisələrə hüququ və siyasi qiymət verildi. Eyni zamanda 1994-cü ildə Azərbaycan Parlamenti tərəfindən Xocalı və 20 Yanvar faciəsinə hüquqi qiymət verildi və hadisələri törədən şəxslər ifşa olundu".

 

Xocalı soyqırımının beynəlxalq ictimaiyyətə daha dolğun çatdırılmasına gəlincə, V.Rəhimzadə bildirib ki, tutduğu vəzifəsindən aslı olmayaraq hər bir Azərbaycan vətəndaşı bu istiqamətdə fəallığını artırmalıdır: "Gənclər təşkilatlarının, digər qeyri-dövlət təşkilatların, xüsusilə elektron media vasitəsi ilə dünyanın aparıcı telekanallarına, beynəlxalq təşkilatlarına müraciətlər edilməsində fəallıq daha da artırılmalıdır. Düşünürəm ki, bu cinayəti törədənlər gec-tez ədalət kürsüsünə əyləşəcəklər, öz layiqli cəzalarını alacaqlar. Azərbaycan prezidenti möhtərəm İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində torpaqlarımız işğaldan azad ediləcək. Bu proses artıq gedir. Bizə dost ölkələrin sayı artmaqdadır. Artıq Azərbaycan reallıqları dərk edilir. Eyni zamanda Ermənistanın bədnam əməllərini dünya ictimaiyyəti dərk etməyə və anlamağa başlayır. Düşünürəm ki, Xocalı faciəsi təkcə Azərbaycan üçün yox, bəşəriyyət üçün, insanlıq üçün ağır bir faciədir".