İran Britaniyanın neft gəmisini sərbəst buraxıb

23 Sentyabr 2019 09:49 (UTC+04:00)

İranın aidiyyatı qurumları iki ay öncə Fars Körfəzində saxlanılan Britaniyanın "Stena İmperio" neft gəmisinin sərbəst buraxılması haqda qərar verib. SİA-nın verdiyi xəbərə görə, İranın Hormuzqan əyalətinin Limanlar Təşkilatı Britaniya gəmisinin sərbəst buraxılması haqda qərarın verildiyi məlumatını yayıb.

Hormuzqan əyalətinin Limanlar və dəniz nəqliyyatı təşkilatının baş müdiri Allah-murad Əfifipur bildirib ki, "Stena İmperio" gəmisi tezliklə Bəndər-Abbas limanını beynəlxalq sular istiqamətdə tərk edəcək.

Onun sözlərinə görə gəminin sərbəst buraxılması qərarı verilsə də bu gəmiyə qarşı məhkəmə şikayətlərinin baxılması prosesi davam edəcək.

Qeyd edək ki, Britaniya Dəniz Qüvvələri iyul ayında Cəbəli-Tariq suları yaxınlığında İranın gəmisini saxladıqdan sonra İran da eyni addımı Fars Körfəzində atmışdı. Cəbəli-Tariq hökuməti 45 gün sonra İran gəmisini sərbəst buraxıb və İran da ötən gün "Stena İmperio" tankerinin sərbəst buraxılması qərarını verib.