Prezident İlham Əliyev FHN-in Mülki Müdafiə Qoşunlarına döyüş bayrağının təqdim olunması mərasimində iştirak edib

23 Fevral 2011 23:54 (UTC+04:00)

Fevralın 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarına döyüş bayrağının təqdim olunması mərasimində iştirak edib.

SİA-nın məlumatına görə, Prezident İlham Əliyev Mülki Müdafiə Qoşunlarının "N" hərbi hissəsinə gəldi.

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov dövlətimizin başçısına raport verdi.

Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin abidəsinin önünə gül dəstəsi qoydu.

Mülki Müdafiə Qoşunlarının komandanı, general-mayor İlham Abdullayev Ali Baş Komandana raport verdi.

Dövlətimizin başçısı əsgərləri salamladı.

Sonra Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev döyüş bayrağını hərbi hissəyə təqdim etdi, şəxsi heyəti bu münasibətlə təbrik etdi. Mərasimdə Azərbaycan Respublikasının dövlət himni səsləndirildi.

Silahlı Qüvvələrin Ali Baş Komandanı şəxsi heyət qarşısında çıxış etdi.

Prezident İlham Əliyev hərbi hissədə yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış oldu.